Olaylar xəbər verir ki, bu sözləri Yaşıl enerji, Hidrogen,Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin enerji keçidinə verdiyi güclü dəstək, Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları təşəbbüsü, eləcə də Xəzərdən Avropaya yaşıl enerjinin tədarükü üçün şaxələndirilmiş enerji infrastrukturunun yaradılmasına yönəlmiş uzaqgörən siyasət sayəsində ölkəmiz, regionda bərpaolunan enerjinin avanqardı kimi strateji layihələr həyata keçirir.
"Həmin səylər Azərbaycanın gələcəyini təmiz enerji üzərində qurmaqla yanaşı, bölgədə və dünyada yaşıl enerjinin inkişafını sürətləndirmək və maneələri aradan qaldırmaq məqsədi daşıyan COP29-un enerji təşəbbüslərinin də hərəkətverici qüvvəsidir. Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerji təşəbbüsü, COP28-in bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir.
Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarının yaradılmasını təşviq edən "Yaşıl Enerji Vədi"dir. Yaşıl enerji dəhlizləri bərpaolunan enerjinin geniş miqyasda ötürülməsi və istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerji mənbələrinin istifadəsi üçün effektiv vasitədir. Yaşıl enerji dəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğun tənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalının artırılması əsas prioritetlərdir.
Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Həmin dəhlizlər Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahib olmaq niyyətini əks etdirir", - deyə nazir əlavə edib.
P.Şahbazovun sözlərinə görə, yaşıl enerji zonaları xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir: "Bərpaolunan enerji resursları ilə zəngin ərazilərdə qurulan və yalnız təmiz enerjinin istifadəsinə əsaslanan həmin zonalar, investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir".
Qeyd olunub ki, ikinci təşəbbüs, Enerjinin Saxlanması və Enerji Şəbəkələri üzrə Qlobal Vəd - 2030-cu ilə qədər enerji saxlanc sistemlərinin qoyuluş gücünün 6 dəfə artırılaraq 1500 GVt-a çatdırılmasını nəzərdə tutur. Bu kollektiv hədəf saxlanc sistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqi kimi elementləri də əhatə edir. Təşəbbüsün digər komponenti enerji şəbəkələrinə və ötürmə sistemlərinə sərmayələrin artırılmasını, mövcud infrastrukturun modernizasiyası və genişlənməsini nəzərdə tutur.
Bu çərçivədə 2030-cu ilədək qlobal səviyyədə 25 milyon kilometr, 2040-cı ilə qədər isə daha 65 milyon kilometr şəbəkənin əlavə edilməsi və ya yenilənməsi öhdəliyi daxil edilib. Həmin təşəbbüs mövcud şəbəkə infrastrukturunun dəyişkən bərpaolunan enerjini dəstəkləməkdəki çatışmazlıqlarını aradan qaldırmaq, daha böyük həcmlərdə yaşıl enerji güclərini şəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasında tarazlığı təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.
"Üçüncü təşəbbüs "COP29 Hidrogen Bəyannaməsi" adlanır. Hidrogen sıfır emissiyalı gələcəyə gedən yolda güclü enerji mənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha yaşıl və dayanıqlı edəcək, bərpaolunan enerjinin potensialını tam olaraq açacaq. "Hidrogen Bəyannaməsi" hidrogen sahəsindəki ambisiyaları və enerji keçidində hidrogenin rolunu dəstəkləyən ümumi öhdəlikləri, eləcə də hidrogen standartlarının və sertifikatlaşdırılmasını təşviqinə yönəlik tədbirləri əhatə edir.
Yaşıl hidrogen Azərbaycanın enerji ixrac portfelinin diversifikasiyası və dekarbonizasiya siyasətinin vacib elementidir və COP çərçivəsində hidrogen strategiyasını açıqlaması da bu istiqamətdəki qətiyyətini göstərir. Bu təşəbbüslər iqlim hədəflərinə çatmaq üçün həm dövlət, həm də qeyri-dövlət aktorlarına güclü stimul verəcək. Burada, COP29-da, hamınızı bu öhdəliklərə qoşulmağa, iqlim fəaliyyətini gücləndirməyə və daha parlaq bir gələcək naminə birlikdə addım atmağa dəvət edirik.
Eyni zamanda, həmin təşəbbüslərin irəliləyişini gələcək COP iclaslarında qiymətləndirməyi, IEA və IRENA-nın hesabatlarında əks etdirməyi vacib hesab edirik. Sizin hər birinizin dəstəyi, kollektiv gücümüzü möhkəmləndirir. Gəlin, COP29-u əlamətdar bir hadisəyə çevirərək qlobal iqlim səylərini daha yüksək bir səviyyəyə qaldıraq və dünyamız üçün davamlı bir gələcək quraq", - deyə nazir fikirlərinə yekun vurub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.