Olaylar xəbər verir ki, bu barədə Qahirə Beynəlxalq Münaqişələrin Həlli, Sülhməramlı və Sülh Quruculuğu Mərkəzinin səfiri Ahmed Abdel Latif "Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə Bakı Çağırışı"nın mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu çox əhatəli prosesin bir hissəsi olmaqdan çox şaddırlar.
"Düşünürəm ki, ortaq öhdəlikləri, eləcə də, əvvəlki təşəbbüsləri, o cümlədən, bizim təşəbbüsləri bir daha təsdiq etməklə Azərbaycan müsbət siqnal verdi ki, ölkələrin bu mühüm gündəliyi dəstəkləmək və əməkdaşlıq etmək istəyi var.
Bakı Çağırışı və Bakı Qovşağı bizi bir araya gətirən, mövcud problemləri səsləndirən bir platformadır. Bunun vasitəsilə biz birgə fəaliyyət göstərərək, müəyyən sinerji yarada bilərik", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.