1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Türkiyə iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biridir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının prezidenti Yusuf Gunay deyib.
O bildirib ki, son vaxtlar Türkiyədə meşə yanğınları və yağıntılar artıb:
"Qlobal istiləşmə su mənbəyinə də təsir edir. Biz Türkiyə olaraq qlobal istiləşməni yaxından hiss edirik. Bu barədə xalq maariflənib. Ölkəmiz 20 il əvvələ qədər 30 000 MVt elektrik enerji gücünə sahib idisə, bu gün artıq 31 000 MVt, hətta bundan daha çox bərpaolunan enerji gücünə sahibdir. Bizim bu sahədə investisiyalarımız davam edir və edəcək".
Yusuf Gunay qeyd edib ki, COP29 çox yaxşı təşkil olunub:
"Təşkilatçılıq çox yaxşıdır. Hər şey yerli-yerindədir. Mən bundan 15 il əvvəl Bakıya gəlmişdim. Bu müddətdə Bakıda çox diqqətəlayiq inkişaf baş verib. Şəhər çox gözəlləşib. Hazırda COP29-la əlaqədar görüşlərimiz davam etməkdədir. Təşkilatçılığın qardaş Azərbaycanda olması bizi ayrıca sevindirir.
Dünya qlobal istiləşmə ilə mübarizədə qərarlıdır. Qlobal istiləşməni qaçılmaz təhlükə kimi qəbul edən bir cəmiyyət var. Görüşlər zamanı bəzən çaşqınlıq və tərəddüdlər olsa da, dünyanın bəşəriyyət üçün qlobal istiləşmənin qarşısını almaqda, onunla mübarizədə qərarlı olduğunu görürük. Hər kəs yaşıl enerjiyə keçidin qaçınılmaz olduğunu bilir. Dünyada bundan sonra günəş və külək enerjisinə bağlı olaraq hidrogenə keçəcəyi bir dövr bizi gözləyir".
O, Bakıda olmağını sevindirici hadisə hesab edir:
"Bakıda olmaq sevindiricidir. Azərbaycanlı qardaşlarımız bizi görəndə məmnunluqla yaxınlaşırlar. Bu bizi xoşbəxt edir. Azərbaycanın rifahında inanılmaz dərəcə artım var. Bakının gözəlliyi göz oxşayır. Çox sayda yaşıllıq sahəsi hazırlanıb. Yeni əzəmətli binalar ucaldılıb. Mən çox qısa zamanda yenidən Bakıya gəlməyi düşünürəm".
Aygün Mirakif