AZ

CAREC transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbər edə bilər - Yingming Yang

Bakı, TurkicWorld

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbər edə bilər.

TurkicWorld xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yang Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə nazirlər dialoqu zamanı bildirib.

"Asiyada və Sakit okean regionunda etibarlı inkişaf tərəfdaşı və iqlim bankı olaraq, AİB regional əməkdaşlığın təşkili istiqamətində dəstək göstərə bilər. Xüsusilə, AİB-in katiblik funksiyasını yerinə yetirdiyi CAREC proqramı mühüm rol oynaya bilər.

CAREC yüksək səviyyəli dialoqların aparılmasına və ölkələr arasında həm imkanların, həm də problemlərin həlli üçün əlaqələndirilmiş addımlar atılmasına platforma təmin edə bilər. Proqram transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbər etmək, institusional və texniki imkanları gücləndirmək və regional infrastruktur sərmayələrinin effektiv və dayanıqlı olmasını təmin etmək gücünə malikdir.

CAREC-in resurslarından və ekspert biliklərindən istifadə edərək, Mərkəzi Asiya ölkələri bərpa olunan enerji üzrə inteqrasiya olunmuş və dayanıqlı bazarların yaradılmasını sürətləndirə bilər. Bundan əlavə, CAREC bilik və qabaqcıl təcrübənin mübadiləsinə dəstək göstərə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
0
1
turkic.world

2Mənbələr