Tanınmış idman şərhçisi, “Sky Sports”un əməkdaşı David Qarrido Azərbaycan çempionu “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sky Sports”un tanınmış şərhçisi “Qarabağ” klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.
İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir. O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq.
Xatırladaq ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da keçiriləək. Mavi zonanın “Nəsimi” zalında baş tutacaq tədbirə saat 14:00-da start veriləcək. Tədbir Mavi zona üçün akkreditasiyadan keçmiş hər kəs üçün açıq olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu daha öncə Türkiyə milli komandasının və “Qalatasaray” klubunun əfsanəvi çalışdırıcısı Fatih Terimin də bu tədbirə görə Bakıya təşrif buyuracağını açıqlamışdı.