Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz İsrailin hücumlarına məruz qalan Qəzzada istifadəyə verdikləri aşxana sayəsində fələstinlilərə 3 milyon öynə isti yemək çatdırıldığını bildirib.
SİA-nın məlumatına görə,Yılmaz açıqlamasında bildirib ki, Türkiyənin Qızıl Ayparası dünyanın ən çox ölkəsinə yardım çatdıran qeyri-hökumət təşkilatıdır.Qəzzada baş verən hadisələri əvvəldən yaxından izlədiklərini vurğulayan F.Yılmaz "Bütün qeyri-hökumət təşkilatlarımızın iştirak etdiyi 11 Xeyirxahlıq gəmisinin girməsinə şərait yaratdıq. 65 min tondan çox yardım edən ölkə olaraq 31 faizlə dünyada ən çox yardımı çatdıran ölkə halına gəldik, amma biz yenə də narahatıq" deyib.
İsrailin mayın 7-də Qəzza tərəfində ələ keçirdiyi Rəfah sərhəd keçid məntəqəsindən girişlərin bağlı olduğunu xatırladan Fatma Yılmaz Qəzzada şərtlər çətinləşdikcə isti yeməklərin miqdarını artırdıqlarını vurğuladı.
"Türkiyə Qızıl Ayparasının Qəzzada göstərdiyi ən böyük xidmət əvvəldən mövcud olan şorbamızdır. 2 minə yaxın isti yemək paylayırdıq. Kənardan gələn təzyiqlərdən sonra isti yeməklərin sayını artırmağa qərar verdik. Bu sayı 15 minə yüksəldi və hazırda Qəzzada 3 milyon öynə yemək veririk", -deyə Fatma Yılmaz qeyd edib.
Yılmaz Qəzzaya humanitar yardım səylərini fasiləsiz davam etdirəcəklərini sözlərinə əlavə edib.