AZ

Ceyhun Bayramov “İqlim və Sülh: Heç kəsin kənarda qalmaması naminə birgə fəaliyyətin təmini” mövzusunda paneldə çıxış edib

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim və Sülh: Heç kəsin kənarda qalmaması naminə birgə fəaliyyətin təmini” mövzusunda yüksək səviyyəli paneldə iştirak və çıxış edib.

APA xəbər verir ki, nazir Ceyhun Bayramov iqlim dəyişikliyi və münaqişələr arasında mövcud əlaqə, iqlim dəyişikliyi nəticəsində meydana gələn qida, su qıtlığı, torpaq deqradarsiyasının insanların həyat və sağlamlığını təhdid etdiyi, biomüxtəlifliyin pozulması kimi fəsadlar verdiyi və nəticə etibarilə sülh, dayanıqlı inkişafa hədə törətdiyini bildirib.

Bu baxımdan, COP29 sədrliyinin artıq 130 ölkə və ümumilikdə 1200 aktor tərəfindən dəstəklənən “Atəşkəs Çağırışı” təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Çıxışda indiyədək keçirilən COP-lar tarixində ikinci dəfə Sülh, Sabitlik və Bərpa Gününün təsis olunması və Almaniya, Misir, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Uqanda ilə iqlim və sülh üzrə birgə tərəfdaşlığın qurulması, habelə iqlim dəyişikliyinin kritik nəticələri ilə bağlı həll yollarını təklif edən Sülh, Sabitlik və Bərpa üçün İqlim Fəaliyyəti üzrə Bakı çağırışının elan edilməsinin vacibliyi qeyd olunub.

Bu istiqamətdə, mövcud təklifləri konkret addımlara çevirmək baxımından Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılmasının, habelə maliyyə və digər texniki resursların səfərbərliyinin xüsusilə kiçik ada, həmçinin az inkişaf etmiş dövlətləri dəstəkləmək baxımından inklüziv nəticələr verəcəyinə dair əminlik ifadə edilib.

Ölkəmizə göstərilən yüksək etimad və dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin prioritetlərində əks olunduğu kimi iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, habelə sülh və inkişafın dəstəklənməsi istiqamətində ən həssas qrupları bundan sonra da dəstəkləməyə davam edəcəyimizi vurğulayıb.

Ceyhun
Seçilən
41
2
apa.az

10Mənbələr