Futbol üzrə Fransa yığma komandasının və “Yuventus”un mərkəz yarımmüdafiəçisi Pol Poqba İtaliya klubundan ayrılıb.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Poqba “Yuventus”u azad agent qismində tərk edib. Belə ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransalı futbolçunun karyerasını harada davam etdirəcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı futbolçu dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vermişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib. Gələn ilin martına qədər Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Poqba “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Fransalı futbolçu daha öncə “Mançester Yunayted”də də forma geyinib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.