AZ

Kiçik ada dövlətlərinə Bakının böyük dəstəyi...

COP29 bu ölkələrin səslərinin eşidilməsi üçün mühüm beynəlxalq platforma yaradır

Bakı Bəyannaməsi kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə səslərinin daha güclü eşidilməsini təmin edən mühüm bir sənəddir

Dünya liderləri Azərbaycana dəstəyinə görə təşəkkür edir

Qlobal iqlim təhdidi yaşadığımız yüzilliyin ən mühüm problem və təhlükələrindən biridir. Subyektiv və obyektiv amillərlə ortaya çıxan bu təhdid bəşəriyyətin, yer kürəsinin hər bir nöqtəsinə təsirsiz ötüşmür. Kiçik ada dövlətləri isə qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdən sayılır. Bu dövlətlər çox vaxt geoloji olaraq dəniz səviyyəsindən aşağı ərazilərdə yerləşdikləri üçün  qlobal iqlim dəyişmələrinin əsas nəticəsi kimi meydana çıxan subasmalardan əziyyət çəkir. Paralel olaraq atmosferə buraxılan çirkli qazların miqdarının artımı bu ölkələrə yan təsirlər buraxan əsas amillərdən sayılır - həmin ərazilərdə təbii qanunauyğunluqlar pozulur, tez-tez yağışlar, tufanlar, qasırğalar baş verir. Bir sözlə, iqlim təhdidləri kiçik ada dövlətlərinin varlığını aşkar şəkildə təhdid edir. Ortadakı təbii fəlakətlərə qarşı bu dövlətlərin reaksiyası isə güclü deyil - kiçik ada dövlətləri tropik fırtınaların, quraqlıqların və ekstremal hava şəraitinin yaratdığı iqlim şəraitinə qarşı çox həssasdırlar. Bu məsələlər onların kənd təsərrüfatı, içməli su ehtiyatları və insanların gündəlik həyatına ciddi təsir göstərir.

Lokal səviyyədə kiçik ada dövlətləri üçün xarakterik fəlakətə çevrilən bu hallar daha böyük anlamda qlobal təhdidlərin siqnalıdır. Nəzərə alsaq ki, kiçik ada dövlətlərinin təbii resursları da çox məhduddur, o zaman, iqlim dəyişikliyi səbəbindən bu dövlətlər qlobal ətraf mühit dəyişikliyinə qarşı daha zəif müqavimət göstərirlər. Vurğulandığı kimi, yaşanan bu problemlərin qlobal səviyyəyə təsiri böyükdür, çünki dəniz səviyyəsinin qalxması və tropik fırtınaların artması, təkcə kiçik ada dövlətlərini deyil, həm də dünyanın bir çox başqa regionlarını təhdid edir. Bu isə özlüyündə humanitar böhranlara yol açan səbəbə çevrilə bilir. Eyni zamanda, qlobal iqlim siyasətinə də mənfi təsir göstərir. Beləliklə, bu problemlər yalnız bu dövlətlər üçün deyil, qlobal miqyasda da ciddi məsələyə çevrilir.

Problemin dərinləşmə səbəbləri...

Bəs bu problemlərin aradan qaldırılması üçün hansı aktiv fəaliyyət həyata keçirilir? Böyük dövlətlər, xüsusilə inkişaf etmiş ölkələr bəzi hallarda iqlim dəyişikliyi məsələlərində üzərlərinə düşən öhdəliklərə əməl etmirlər. Bu dövlətlər, dünya üzrə ən yüksək karbon emissiyasına sahib olsalar da, kiçik ada dövlətlərinin təbii resurslarının qorunması və inkişafı istiqamətində müvafiq addımlar atmırlar. Məsələn, Paris İqlim Sazişi çərçivəsində qəbul edilmiş qərarların bir çoxu bəlli olduğu kimi, böyük dövlətlər tərəfindən yerinə yetirilmir. Onlar karbon emissiyalarını azaltmaq əvəzinə, daha çox fosil yanacaqlara əsaslanan iqtisadiyyatları davam etdirməkdə maraqlıdırlar. Bu kimi laqeyd yanaşma isə ortadakı problemlərin həlli üçün vacib sayılan dəstəyin olmamasına gətirib çıxarır. Bütün bu yanaşmalar kiçik ada dövlətlərinin beynəlxalq siyasi və iqtisadi səhnədə səsini zəiflədir və bu dövlətlərin yaşadığı problemlərin qlobal səviyyədə müzakirə olunmasına mane olur. Sözügedən problemlər ciddi qlobal siyasi narahatlığa səbəb olmasına baxmayaraq, bu dövlətlərin yaşadığı təbii fəlakətlər və çətinliklər dünyanın aparıcı gücləri tərəfindən çox vaxt görməzdən gəlinir.

Bakının təşəbbüsü...

Azərbaycan, son illərdə iqlim dəyişikliklərinin qarşısını almağa və kiçik ada dövlətlərinin problemlərinə dəstək olmağa yönəlik müxtəlif təşəbbüslərlə önə çıxıb. Azərbaycanın iştirakı ilə keçirilən beynəlxalq iqlim tədbirlərində, xüsusən də Bakıda reallaşan COP29 sammitində kiçik ada dövlətlərinin problemləri qlobal müstəvidə, demək olar ki, Çərçivə Konvensiyasına üzv olan bütün tərəflərin iştirakı ilə geniş müzakirə edilir. Bakının təşəbbüsü ilə ortaya çıxan bu tədbirlər vasitəsilə isə kiçik ada dövlətlərinin səslərini gücləndirmək və həmin ölkələrə konkret dəstək vermək üçün bir çox beynəlxalq əməkdaşlıq layihələri təşviq edilir.

Kiçik ada dövlətlərinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəsində yaxın tərəfdaşı

Eyni zamanda, Azərbaycanın Azərkosmos vasitəsilə əldə etdiyi iqlim məlumatları, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş texnoloji dəstək kiçik ada dövlətlərinə həyatlarını yaxşılaşdırmağa və təbii fəlakətləri izləməyə kömək edir. Bu, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün innovativ yanaşmaların təməlini atır. Təsadüfi deyil ki, İqlim dəyişmələri üzrə Kiçik Ada Dövlətlərinin Liderlər Sammitində çıxış edən Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan Hökumətinin və Azərkosmosun Commonwealth ilə imzaladığı 2 Memoranduma görə təşəkkürünü bildirib. Vurğulandığı kimi, Azərbaycan Azərkosmos vasitəsilə iqlim dəyişikliyinin qarşısını almağa yönəlmiş qabaqcıl texnologiyaları tətbiq edir. Azərkosmosun kiçik ada dövlətləri ilə əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar, bu ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizəsini daha effektiv edir. Commonwealth ilə imzalanan Memorandumlar da bu əməkdaşlığın dərinləşməsinə kömək edir. Bu memorandumlar, iqlim dəyişmələri ilə bağlı qabaqcıl texnologiyalar və məlumat mübadiləsini təmin etmək məqsədini güdür. Beləliklə, Azərbaycan kiçik ada dövlətləri üçün qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirak edən bir tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş katib Antonio Quterreşə minnətdarlıq edib: “Ümid edirik ki, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real nəticələrə nail olacağıq”.

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə də Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.

Qlobal iqlim təhdidinə qarşı Bakı Bəyannaməsi...

Ümumiyyətlə, COP29 iqlim dəyişikliyi ilə mübarizə mövzusunda xüsusilə kiçik ada dövlətləri üçün çox vacib bir mərhələdir. Bu sammit kiçik ada dövlətlərinin qarşılaşdığı konkret problemləri qlobal miqyasda müzakirə etmək və bu problemlərin həllinə yönəlmiş konkret tədbirlər qəbul etmək üçün mühüm bir platforma kimi çıxış edir. COP29-da qəbul edilən qərarlar kiçik ada dövlətlərinin qarşılaşdığı təbii fəlakətlərin qarşısını almaq və bu ölkələrin davamlı inkişafını təmin etmək üçün əhəmiyyətli imkanlar açır. Paralel olaraq COP29 kiçik ada dövlətlərinin problemlərinin diqqətə alınmasını təmin edən bir vasitə olmağı hədəfləyir. Bu sa?mit, həmçinin iqlim dəyişikliyinin hər bir dövlətin məsuliyyəti olduğunu vurğulamaqla yanaşı, iqlim sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini də gücləndirir. Bu tədbir kiçik ada dövlətlərinə öz səsini gücləndirmək, daha çox beynəlxalq dəstək əldə etmək və iqlim dəyişikliyinə qarşı mübarizədə daha təsirli addımlar atmaq imkanı verir.

COP29 çərçivəsində keçirilən kiçik ada dövlətləri Liderlər Sammiti bu dövlətlərin iqlim dəyişikliyinə qarşı birləşdiyi və bu sahədə əməkdaşlıq etdikləri mühüm bir məqamdır. Sammit kiçik ada dövlətlərinin iqlim dəyişikliyinə qarşı mübarizədə hansı yolları seçməli olduğunu müəyyənləşdirir və bu dövlətlərin qlobal miqyasda daha çox dəstək tapmalarını təmin edir. Bu sammitdə əldə edilən qərarlar eyni zamanda, digər ölkələrin də iqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərini və öhdəliklərini yerinə yetirməyə sövq edir. Sammitin nəticəsi olarak kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair qəbul edilən Bakı Bəyannaməsinə gəldikdə isə, bu, kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə səslərinin daha güclü eşidilməsini təmin edən mühüm bir sənəddir. Bu bəyannamə, kiçik ada dövlətlərinin qlobal iqlim siyasətinə təsirini artırmaq və iqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox beynəlxalq dəstək tələb etmək məqsədini güdür. Bəyannamə, həmçinin iqlim dəyişikliyi məsələsində bu ölkələrin hüquqlarının tanınmasını və bu dövlətlərə verilən beynəlxalq dəstəyin artırılmasını nəzərdə tutur. Bakı Bəyannaməsi qlobal iqlim siyasətində mühüm bir addım kimi yeni tarixi mərhələ formalaşdırır.

Azərbaycana təşəkkür edirlər...

Yeri gəlmişkən, dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər. Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.

Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un “Yaxşı COP” kimi yadda qalacağına əminliyini ifadə edib.

Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini diqqətə çatdırıb.

İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.

P.İSMAYILOV

Seçilən
76
yeniazerbaycan.com

1Mənbələr