AZ

Azərbaycanın təşəbbüsləri və dəstəyi ilə...

COP29 mühüm çağırış və etiraflarla yadda qalır

Dünya sürətlə yenilənən iqlim dəyişikliyi şəraitində karbon emissiyalarını azaltmaq, təbii resurslardan səmərəli istifadə etmək və bərpaolunan enerji mənbələrini inkişaf etdirmək üçün mühüm yaşıl çağırışlarla üzləşir. Bu çağırışların əsas məqsədlərinə diqqət yetirdikdə bir sıra istiqamətlər xüsusilə diqqəti cəlb edir. Məsələn, 2050-ci ilə qədər dünya ölkələrinin karbon neytral statusuna çatması hədəflənir. Bu məqsədə çatmaq üçün istixana qazlarının azaldılması və bərpa olunan enerjinin genişləndirilməsi əsas şərtlərdir. Eyni zamanda, iqlim dəyişikliyinə böyük təsir edən metan emissiyalarını azaltmaq üçün ciddi tədbirlər tələb olunur. Paralel olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında enerji keçidi prosesində balansın qorunması, daha az inkişaf etmiş ölkələrin bu keçiddən faydalanması da qlobal prioritetdir. Bu mənada görüləsi işlər çoxşaxəlidir - məsələn, bütün bu işlər aparılan zaman həm də ekosistemlərin və biomüxtəlifliyin qorunmasI prinsipinə riayət olunmalıdır. Meşə sahələrinin genişləndirilməsi, su hövzələrinin qorunması, okeanlarda plastik tullantıların azaldılması və biomüxtəlifliyin qorunması bu çağırışın vacib elementləridir. Bütün bunlar üçün isə iqtisadi amillə yanaşı, həm də siyasi iradə və maliyyə dəstəyi lazımdır - başqa sözlə, iqlim maliyyələşdirməsinin artırılması aparıcı amillərdən biri kimi önə çıxır. İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə dəstəklənməsi üçün beynəlxalq iqlim maliyyələşdirməsi fondlarının gücləndirilməsi vacibdir.

COP29 çərçivəsində Aİ iqlim maliyyələşdirməsini artırdığını bəyan edir

Azərbaycanın ev sahibliyi etdiyi COP29 bu kimi qlobal yaşıl çağırışların reallaşmasına öz töhfəsini verir və qlobal müstəvidə iqlim tədbirlərinin tənzimilənməsində mühüm rol oynayır. Azərbaycan bu platformada Avropanın, Mərkəzi Asiyanın və digər regionların iqlim çağırışlarına cavab verməli olan, üzərinə öhdəlik götürmüş ölkələri bir araya gətirərək qlobal hədəflərin reallaşmasına şərait yaradır.

Vurğulandığı kimi, Azərbaycanın COP29 vasitəsilə verdiyi ən önəmli töhfələrdən biri karbon emissiyalarının azaldılması üzrə müzakirələri və əməkdaşlıqları gücləndirməkdir. COP29 platformasında dünya ölkələri karbon emissiyalarının azaldılması istiqamətində konkret hədəflər və tədbirlər planını yenidən təsdiqləyirlər. Xüsusilə, iqlim maliyyələşdirməsinin artırılmasi və resursların bölüşdürülməsi məsələsində əldə olunan uğurlar mühüm ştrixlərlə seçilir. İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizəyə resurs çatışmazlığı səbəbindən tam cəlb olunmasındakı çətinliklər COP29 da müzakirə predmetinə çevrilir. COP29-da Azərbaycanın təşəbbüsü ilə inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsinə xüsusi diqqət ayrıldı. Bu, maliyyələşmənin ədalətli bölüşdürülməsi və iqlim dəyişikliyinə həssas ölkələrin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin çağırışı da bu mənada kifayət qədər diqqət çəkən olub. Bəşəriyyətin ilk dəfə belə bir iqlim böhranı ilə üzləşdiyini vurğulayan Ş. Mişel qeyd edib ki, bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır: “Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır. Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq”.

Beləliklə, Avropa İttifaqı üçün COP29 iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə ciddi və məsuliyyətli yanaşmanın təzahürü oldu - İqlim maliyyələşdirməsi Aİ-nin əsas prioritetlərindən biri kimi vurğulanır və bu sammitdə Aİ 31 milyard dollar vəsait ayıracağını bəyan edir. Bu rəqəm, inkişaf etməkdə olan ölkələrə iqlim keçidində yardım etmək üçün nəzərdə tutulmuş bir öhdəlikdir. Bəlli olduğu kimi, Aİ-də 2030-cu ilədək karbon emissiyalarının azaldılması üzrə “Yaşıl Müqavilə” adlı strategiya mövcuddur. COP29 platforması bu məqsədlərin reallaşması və iqlim dəyişikliyinə qarşı qlobal dəstəyin gücləndirilməsi üçün mühüm bir platforma kimi çıxış etdi.

Kömür enerjisindən imtina edən ilk dövlət ...

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer də  noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı iqlim böhranının ön cəbhəsində olan ölkələrin yanında durmağa qərarlı olduqlarını qeyd etmişdi. Sabahın imkanlarını dəyərləndirmək niyyətini önə çəkən Starmer bildirib ki,  Böyük Britaniyanın NDC-si 2035-ci ilədək bütün istixana qazları emissiyalarını 81 faiz  azaltmaqdır:  “Hazırda iqlim dəyişikliyi ilə bağlı atılan addımlar iqtisadi inkişaf yoludur. Baş nazir əlavə edib ki, sentyabrın sonunda Böyük Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanıb və beləliklə, ölkə G7 iqtisadiyyatları arasında kömür enerjisindən imtina edən ilk dövlət olub. O deyib ki, bu COP28-də fosil yanacaqlardan keçid barədə beynəlxalq razılaşma və Böyük Britaniyanın 2030-cu ilə qədər təmiz enerji təmin edən ilk böyük iqtisadiyyat olmaq məqsədinə uyğundur”.

Göründüyü kimi, COP29 çərçivəsində Böyük Britaniya istixana qazlarını azaltma hədəfini gücləndirmək üçün yeni tədbirləri də müzakirəyə çıxarır. COP29 Böyük Britaniyanın beynəlxalq miqyasda tanınması və iqlim dəyişikliyi ilə mübarizədə nümunəvi addımların digər ölkələr üçün örnək göstərilməsi baxımından əhəmiyyətli bir platforma kimi yadda qalır.

COP29 ABŞ üçün də mühüm yeniliklə müşayiət olundu - ABŞ-da ilk dəfə olaraq böyük neft və qaz şirkətləri metan qazı buraxdıqları üçün ödəniş ödəməyə məcbur olacaqlar. Bu qərar, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm bir addım hesab olunur və ABŞ-ın iqlim dəyişiklikləri ilə bağlı öhdəliklərinə güclü bir istiqamətdir. COP29-un bu yeniliyin həyata keçirilməsində rolu böyükdür, çünki bu platformada ABŞ iqlim siyasətində konkret addımlar atma öhdəliyini yenidən təsdiqlədi. ABŞ Prezidentinin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən qarşıdakı dövrdə karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətin davamlı olacağına ümid etdiyini vurğulayıb: “Son dörd ildə ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub. ABŞ-da ilk dəfə olaraq böyük neft və qaz hasilatçıları buraxdıqları metan üçün ödəniş etməli olacaqlar”.

Xəsislik Avropanın ictimai rifahıdır...

Bu tədbir kiçik ada dövlətləri və ya inkişaf etməkdə olan zəif ölkələrin çağırış mesajları ilə yanaşı, digər ölkələr üçün də mühüm platforma rolunu oynayır. Hətta Avropanın bəzi dövlətləri bu imkandan istifadə edərək öz fikirlərini və təkliflərini geniş auditoriyaya çatdırmağa cəhd edirlər. Məsələn, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis COP29 çərçivəsində Avropa İttifaqında tənzimləmə siyasətinin yenidən qurulmasına ehtiyac olduğunu vurğulayıb. Mitsotakis iqlim keçidinin qaçılmaz çətinliklərə səbəb olacağını, lakin düzgün planlaşdırma ilə bu keçidin mümkün ola biləcəyini qeyd edib. Kiriakos Mitsotakis bildirib ki, ağıllı və proqramlı olmaq lazımdır: “Keçid ağrısız olmayacaq. Avropada tənzimləmənin yenidən qurulmasına ehtiyacı var. Hər ölkənin öz yolu olmalıdır. Xəsislik Avropanın ictimai rifahıdır. Avropaya uyğunlaşma üçün daha çox resurs lazımdır”.

Bəli, COP29 platforması Yunanıstanın bu mövzuda Avropaya mühüm çağırışlar ünvanlamasına imkan yaratdı və Yunanıstanın ekoloji keçid siyasətində daha konkret və proqramlı fəaliyyətlərə üstünlük verəcəyini açıqladı...

Qafqaz iqlim dəyişikliyi ilə mübarizədə vahid platformadan çıxış edir...

COP29-un Qafqazda ilk dəfə keçirilməsi Azərbaycanın təşəbbüskarlığını və regionun əhəmiyyətini ön plana çıxarır. Bu, həm də Azərbaycanın iqlim dəyişikliyi məsələlərində qlobal səhnədə öz mövqeyini gücləndirməsinə şərait yaradır. Azərbaycan üçün bu platforma, iqlim problemlərinə dair Qafqaz regionunda yeni bir inkişaf istiqamətinin formalaşmasına imkan yaradır. Bu, Azərbaycanın özünü qlobal ekoloji məsələlərdə daha fəal tərəfdaş kimi göstərməsi və region üçün də iqlim dəyişiklikləri ilə bağlı yeni perspektivlər açması baxımından tarixi hadisədir. Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi sahəsində güclüdür. COP29 çərçivəsində Azərbaycan bu sahədə bir sıra mühüm layihələrə start verərək, digər ölkələri, xüsusilə regionu bərpa olunan enerjiyə keçidə dəvət edir. Bu təşəbbüs, qlobal miqyasda enerji sistemlərinin daha yaşıl və dayanıqlı olmasına kömək edir və Azərbaycanın ekoloji siyasətinin strateji əhəmiyyətini nümayiş etdirir. Vurğulandığı kimi, Azərbaycan COP29 çərçivəsində Qafqaz regionunu iqlim dəyişikliyi ilə mübarizədə bir araya gətirərək, regionun qlobal iqlim gündəminin bir parçası olmasını təmin edir. Bu tədbir vasitəsilə region ölkələri ekoloji təhdidlərə qarşı vahid mövqe tutaraq, yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də tədbirə dəvətə görə, Azərbaycan Prezidentinə təşəkkür edib: “COP Qafqazda ilk dəfədir. Azərbaycana uğurlar arzulayıram. Gürcüstan COP29-un uğurlu nəticələrinə nail olmaq və Cənubi Qafqazı imkanlar və uğur regionuna çevirmək üçün Azərbaycandan olan qonşuları və dostları ilə işləməyə davam edəcək”.

Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait

Bu tədbir həm də qlobal dəstək mövzusunu yenidən aktuallaşdırmış oldu. Bakıda aparılan müzakirələrdə oratya qoyulan mövqelər, bildirilən fikirlər bu mənada da xüsusi əhəmiyyət daşıyır. Məsələn, İtaliyanın Baş naziri Giorgia Meloni COP29 platformasında çıxış edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətlərin bölüşdürülməsi zərurətini vurğuladı. İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayıraraq qlobal iqlim məsuliyyətinə öz töhfəsini verir. İtaliyanın bu dəstəyi, eyni zamanda Afrika ölkələrinə yaşıl keçid prosesində mühüm yardım olacaq. Bu fond vasitəsilə həm də qlobal ədalətli bölüşdürmə məqsədi güdülür ki, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin mənfi təsirlərindən daha az əziyyət çəksinlər. Baş nazir Giorgia Meloni hesab edir ki, konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir: “İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırır. Biz həmçinin yaşıl iqlimi və zərər və ziyan fondlarını dəstəkləyirik. Qalıq yanacaq təchizatı üçün vahid alternativ yoxdur. ÜDM-in artımı qlobal miqyasda enerji istehlakını artırır. Biz enerji forumunu geosiyasi silahdan geniş şəkildə əlçatan resursa çevirə bilərik. Sülh Naminə Azərbaycan Prezidentliyinə təşəkkür edirik. COP-un uğurlu və ya uğursuz olması bizdən asılıdır”.

Qlobal öhdəliklərə sadiqlik...

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal yaşıl çağırışların reallaşmasında önəmli rol oynayır. Azərbaycanın təşəbbüsləri və dəstəyi ilə COP29 dünya ölkələrini iqlim dəyişikliyinə qarşı vahid mübarizə platformasına cəlb etməyi bacardı. Bu tədbir Azərbaycanın iqlim dəyişikliyi mövzusunda qlobal öhdəliklərə sadiqliyini və regionda yaşıl iqtisadiyyatın inkişafı üçün mühüm bir mərkəz olma potensialını göstərir. COP29 hər bir dövlət üçün gələcək öhdəliklərin daha konkret şəkildə təyin olunmasında mühüm rol oynayır və dünya miqyasında iqlim siyasətində yeni mərhələnin başlanğıcını qoyur.

P.SADAYOĞLU

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr