AZ

COP29-da artıq bəzi mühüm nəticələr əldə olunub - Milli Məclisin sədri

Parlament Yığıncağımız Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə deyib.

"Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr əldə olunub. İnanıram ki, COP29-un prezidenti cənab Muxtar Babayev çıxışında bu məsələlərə toxunacaq. Qlobal iqlim səylərində parlamentlərimiz haradadır? Bizim rolumuz nədir? Deyim ki, bunlar ritorik suallar deyil. Onların cavabları var. Doğrudan da, biz millət vəkilləri xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onlar üzərində dağıdıcı təsirlərinin ilk şahidiyik", - o qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Seçilən
5
4
day.az

3Mənbələr