AZ

"7 Gözəl": Rus Dram Teatrında klassik əsərə müasir baxış » AzadMedia.az


S.Vurğun adına Rus Dram Teatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "7 Gözəl" əsəri COP29 çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq nümayiş olundu.
Bu əsər, insanlığın əxlaqi dəyərlərini, sevgi, sədaqət və harmoniya axtarışını özündə əks etdirən nadir poetik bir əsərdir.

Tamaşanın litvalı rejissoru Yonas Vaytuks klassik əsərə müasir bir interpretasiya gətirərək, onun dərin fəlsəfi mesajlarını və emosional gücünü ön plana çıxarmağı bacarıb. Rejissor, hər bir gözəlin öz fərqli hekayəsi ilə insanın daxili səyahətini və mənəvi yetkinliyə çatmaq yolunu vurğulayıb. Tamaşa vizual effektlər, musiqi və rəqslə zənginləşdirilib, bu da tamaşaçını Nizami dünyasına daha dərindən səyahətə sövq edir.

Rejissorun yanaşması, keçmişlə müasirliyi birləşdirərək, əsərin universal dəyərlərini bugünkü tamaşaçı üçün daha əlçatan edir. "7 Gözəl" tamaşası, həm klassik ədəbiyyatın, həm də müasir teatrın ən gözəl elementlərini bir araya gətirərək sənətsevərlərin zövqünü oxşayıb.

Qısa xatırlatma edim ki, Nizami Gəncəvinin "7 Gözəl" əsəri, insanın mənəvi kamillik və xoşbəxtliyə gedən yolunu tədqiq edir. Tamaşada Nizaminin də görünməsi, qəhrəmanları barədə danışması tamaşaçılarda xüsusi rəğbət yaratdı Əsərin əsas qəhrəmanı Bəhram şahın yeddi fərqli ölkədən olan gözəllərlə keçirdiyi həyat təcrübələri üzərindən, Nizami insanlığın əxlaqi dəyərlərini və həyatın dərin fəlsəfi mənalarını açır.
Hər gözəl fərqli bir ölkəni, mədəniyyəti və həyat fəlsəfəsini təmsil edir. Onların hər biri Bəhram şah üçün müxtəlif həyat dərsləri təqdim edir, sevgi, sədaqət, ədalət, dözümlülük və mənəvi yüksəliş mövzularını ön plana çəkir. Nizaminin qələmə aldığı bu universal mövzular əsrlər keçsə də, hələ də aktuallığını qoruyur və insanları dərin düşüncələrə yönləndirir.
Tamaşa zalında ölkəmizdə keçirilən beynəlxalq tədbirdə iştirak edən qonaqları da tamaşaçı qismində görmək xoş təsir yaradırdı.
Rus Dram Teatrı Bakıda beynəlxalq tədbirin keçirildiyi bir dövrdə bu tamaşanı seçməklə, güc dövlətlərini ədalətə, xeyirxahlığa, təbiəti xilasa səsləyir. Çünki qloballaşan, iqlim dəyişikliyi ilə gələcəyə yaxşı vədlər verməyən dünyanı anlayış sevgi, xeyirxahlıq xilas edəcək!
Elnurə Abuşova
Seçilən
51
1
azadmedia.az

2Mənbələr