AZ

Kiçik yaşlı uşaqların psixikasına internetintəsiri Psixoloq bildirdi

“Son dövrlərdə kütləvi informasiya vasitələrində, mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyil göstərməsi nəticəsində onların ünsiyyət sferasında, sağlamlığında ciddi problemlərin yaranması ilə bağlı xeyli saydaməlumatlara rast gəlmək olur. Əlbəttə, müasir insan üçün, xüsusən də XXI əsrin ixtisaslı kadrı üçün kompüterdən istifadə etmək, onun dərinliklərinə bələd olmaq labüddür. Məhz buna görə də, son vaxtlar, valideynlər uşaqlarının gələcəyini düşünərək kiçik yaşlarından övladlarına kompüter alır, onları müxtəlif kurslara aparır və bunu faydalı hesab edirlər. Lakin bu, bəzən onunla nəticələnir ki, kompüter uşağın əsas “ünsiyyət partnyoruna” çevrilir və valideynlərilə, yaşıdlarıyla olan ünsiyyətini əvəzləməyə başlayır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva bildirib.

Onun sözlərinə görə, uşaq əksər vaxtını “hissiyyatsız”, “cansız” maşınla təklikdə, kompüter oyunlarının fantastik aləmində, internet dolanbacında keçirir. Buradan onun “qazandıqları” isə, əksər hallarda, heç də ürəkaçan olmur. İnternetin daha çox populyar olduğu ölkələrdə valideynlər uşaqlarının həmyaşıdları ilə ünsiyyətdən qaçdığını, onlarda kitab oxumağa meyilin azalmasını göstərirlər. Son illər psixoloqların apardığı tədqiqatlarda da, internetdən həddən çox istifadə edən uşaqlarda aqressivliyə, zorakılığa meyilin yüksək olması, fantaziyalara, yaradıcılığa meyilin zəifləməsi, onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin çətinliklə getdiyi müəyyən olunmuşdu. Ümumiyyətlə, uşaqların məktəb yaşına qədər kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla, təcrübə onu göstərir ki, uşaqlar məktəb dövründə kompüterdən istifadəni öyrəndikdə belə yüksək nailiyyətlər əldə edə bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən artıq kompüterdən istifadə edən uşaqların böyüyəndən sora bu müddət ərzində elə bir şey öyrənmədiyinin şahidi olar. Çünki, erkən dövrdə uşağın əqli qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf mühitlə qarşılıqlı əlaqədə, onun aktiv qavranılmasında inkişaf edir. Hansısa informasiyanı uşağa aşılamaq üçün onu kompüter arxasında otuzdurmaqdansa, əlindən tutub real həyatda onu göstərmək daha faydalı olar. Məsələn, heyvanlar haqqında, heyvanxanaya, bitkilər haqqında botanika bağına və ya adi parklara gəzintiyə çıxarmaq, mədəni inkişafı üçün kukla teatrına apararaq, onunla gördüklərini müzakirə etmək uşağın əqli qabiliyyətlərinin inkişafı baxımından əvəzedilməz rol oynaya bilər.
Psixoloqun verdiyi məlumata görə, valideynlər unutmamalıdırlar ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət və kollektiv oyunlar, onunla gördükləri və eşitdiklərini müzakirə etmək faydalı olduğu qədər də zəruridir: “Belə ki, internetdən nə qədər gözəl informasiyalar götürməsindən asılı olmadan, uşağın inkişafı və tərbiyəsində valideynin təsirini, uşağı istiqamətləndirilməsini heç bir texnika əvəz edə bilməz. Ümumiyyətlə, qeyd etmək istərdim ki, nəinki kiçik yaşlı, hətta daha böyük yaşlarda olan uşaqların belə, kompüterdən istifadəsinə böyüklər tərəfindən nəzarət olunmalıdır. Onlara evdə, məktəbdə kompüterdən istifadənin mədəniyyəti aşılanmalı, müasir texnologiyalardan sui-istifadənin nəticələri haqqında məlumatlar verilməlidir. Bəzi hallarda hətta böyüklərin nəzarəti altında, məhdud vaxt çərçivəsində uşaqların kompüter arxasında vaxt keçirməsinə imkan verilməsi məqsədəuyğun olardı”- deyə psixoloqGünəş Əfəndiyeva bildirib.

Afət Tahirqızı

Seçilən
51
sia.az

1Mənbələr