AZ

Azərbaycanda inflyasiya məlumatları açıqlandı - QİYMƏT ARTIMI YAVAŞLAYIB

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin oktyabr ayına nisbətən 3,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz yüksəlib.

2024-cü ilin oktyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 3,5 faiz artmışdı.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir

2024-cü ilin oktyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artıb. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma xalçaların, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz yüksəlib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Seçilən
23
23
marja.az

10Mənbələr