AZ

Fernandu Santuş şans vermirsə Ozan Kökçünü uzaq Finlandiyadan niyə çağırır?

Estoniya millisinin hazırkı heyətində 12 legioner yer alsa da, Azərbaycan yığmasında xarici klublarda çıxış edən futbolçular sayı bunun yarısı qədərdir.

İdman.biz xəbər verir ki, Fernandu Santuş Estoniya və İsveçlə qarşıdakı oyunlar üçün heyətə altı legioner çağırıb və onlardan da mərkəz müdafiəçisi Zamiq Əliyev ilk dəfə əsas millinin formasını geyinə bilər.

Albaniyada “Eqnatia” klubunda çıxış edən 23 yaşlı futbolçu oktyabrda Estoniya və Slovakiya ilə matçlara dəvət alsa da, meydana çıxmamışdı – digər legioner futbolçumuz Ozan Kökçü kimi. HJK klubunda oynayan 26 yaşlı yarımmüdafiəçi millimizlə Tallinn və Bakıya səfər etməsinə baxmayaraq, ötən ay bir dəqiqə belə şans qazanmadı. Görünür, portuqaliyalı mütəxəssis sentyabrdakı matçlarda, o cümlədən start heyətində meydana çıxdığı Slovakiya səfərində (fasilədə əvəzlənib) Ozanın oyununu bəyənməyib. Amma bəyənməyibsə, onu bizdən 2800 km uzaqlıqdakı Finlandiyadan Bakıya niyə çağırır?

Rahil Məmmədov isə Polşadan milliyə boşuna gəlmir. 28 yaşlı müdafiəçi Fernandu Santuşun ən güvəndiyi legioner saymaq olar. “Radomiak”ın futbolçusu UEFA Millətlər Liqasında İsveçlə ilk oyunda çıxış etməsə də, sonrakı üç qarşılaşmanın hər birində 90 dəqiqə meydanda olub. Amma slovaklarla son matçda avtoqola da imza atması ilə Fernandu Santuşu məyus edib.

Digər legionerlərdən Anton Krivotsyuk milliyə uzaq Cənubi Koreya (“Daejeon”), Mahir Emreli Almaniya (“Nürnberq”), Coşqun Diniyev isə Türkiyədən (“Bandırmaspor”) gəlsələr də, əminliklə əsas heyət üzvü ola bilməyiblər. Gah start heyətində meydana çıxıb, sonra əvəz olunurlar, gah da sonradan meydana çıxıb az şans qazanırlar. Üstəlik, Mahir slovaklarla son oyunda iki sarı vərəqə alaraq meydandan çıxarıldığından Estoniya ilə bugünkü qarşılaşmanı da buraxmalı olacaq.

Əvvəlki dörd matçda çıxış etmiş legionerlərdən Fernandu Santuşun çox güvəndiyi “Ankaragücü”lü Renat Dadaşov zədə üzündən artıq bir aya yaxındır yaşıl meydanlardan uzaq düşüb. O, bu mövsüm UEFA Millətlər Liqasındakı dörd matçın üçündə start heyətində yer alıb, ikisində 90 dəqiqə oynayıb, amma cəmi bir dəfə - evdə İsveçlə görüşdə rəqib qapısına yol tapıb.

Ukraynada (“Polissya”) oynayan yarımmüdafiəçi Emil Mustafayev isə Slovakiya ilə səfər qarşılaşmasında start heyətində yer alsa da, fasilədə əvəzlənib. Sonra da onu millidə görən olmayıb.

Rasim
İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr