AZ

Prezident İlham Əliyev COP29-da Fransanın kolonial və ikiüzlü siyasətini İFŞA ETDİ

Prezident İlham Əliyev COP29 İqlim Sammitindəki tarixi çıxışı ilə beynəlxalq arenada yeni bir prinsipiallıq nümunəsi göstərdi. Dövlət başçısı Kiçik ada dövlətlərinin Sammitində Fransanın əsrlər boyu həyata keçirdiyi kolonial siyasəti, onun yaratdığı zərərləri və bu siyasətin müasir dövrdə də davam edən mənfi təsirlərini cəsarətlə ifşa etdi. Prezident Əliyev öz çıxışı ilə həm tarixi ədalətsizliklərə işıq tutdu, həm də müasir beynəlxalq sistemdə mövcud olan ikili standartları qətiyyətlə tənqid etdi.

Fransanın kolonial keçmişi və onun nəticələri Prezident İlham Əliyevin çıxışının mərkəzində idi. Əlcəzairdə törədilmiş soyqırımı faktlarına toxunan dövlət başçısı Parisin bu ölkənin həm təbii sərvətlərini talan etdiyini, həm də əhalisini amansızcasına məhv etdiyini xatırlatdı. Bununla yanaşı, Yeni Kaledoniyada qanuni etirazların zorakılıqla yatırılması nəticəsində 100-dən çox insanın öldürülməsi və mindən çox adamın həbs olunması, Fransanın bu siyasətinin müasir dövrdə də davam etdiyini göstərən acı nümunələrdəndir. Qvadelupa və Martinikada baş verən kütləvi repressiyalar isə Parisin insan haqlarına və beynəlxalq hüquqa hörmətsizliyinin açıq göstəricisi kimi qeyd edildi.

Dövlət başçısı yalnız tarixi cinayətləri deyil, həm də müasir beynəlxalq münasibətlərdə mövcud olan siyasi riyakarlığı sərt şəkildə tənqid etdi. İlham Əliyev bildirdi ki, Fransa hökumətinin törətdiyi insan haqları pozuntuları və repressiyalar Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən heç bir şəkildə qınanmayıb. Bu isə beynəlxalq təşkilatların ikili standartlarla idarə olunmasının və hüququn siyasi alətə çevrilməsinin göstəricisidir.

Prezident Əliyev həmçinin Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrelin "Avropa bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir" ifadəsinə də prinsipial mövqedən yanaşdı. O bu yanaşmanı Avropanın digər xalqlara üstünlük göstərmək cəhdi kimi qiymətləndirdi və belə bir ifadənin beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev dünyanı "bağ" və "cəngəllik" kimi kateqoriyalara bölməyin qərəzli və ayrı-seçkilik yaradan bir mövqe olduğunu, bu yanaşmanın isə heç bir mənəvi və hüquqi əsasının olmadığını diqqətə çatdırdı. Dövlət başçısı bu məsələyə daha da aydınlıq gətirərək: “Əgər biz cəngəllikdə yaşayırıqsa, onda bizdən kənar dayanın və bizim işlərimizə müdaxilə etməyin”, — deyərək Azərbaycanın daxili işlərinə xarici müdaxiləyə qarşı sərt mövqe nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın milli maraqlarını müdafiə etməklə məhdudlaşmadı. Onun çıxışı, eyni zamanda beynəlxalq hüququn prinsiplərini müdafiə edən, qlobal ədalətsizliyə qarşı prinsipial mövqeyi ifadə edən bir mesaj oldu. İlham Əliyev Azərbaycanın haqq səsini ucaldaraq həm öz ölkəsinin gücünü, həm də beynəlxalq arenada ədalət uğrunda mübarizə aparan xalqlara dəstəyini nümayiş etdirdi.

COP29 Sammitindəki bu çıxış Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi və Prezident İlham Əliyevin siyasi iradəsini, prinsipial liderliyini və beynəlxalq ədalətə bağlılığını bir daha sübut etdi. Bu çıxış təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün tarixi bir hadisə olaraq yadda qalacaq.

Tural Qoca

Seçilən
11
ikisahil.az

1Mənbələr