AZ

Millimizin qələbə ruhu onlardır – YALNIZ BİZDƏ

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz Estoniya ilə qarşılaşmada qalib gəlməli olan yığmamızın qələbə sirri ilə bağlı yalnız bizdəki faktları təqdim edir.

Yarandığı 1992-ci ildən daha çox uduzması ilə azarkeşlərini üzən millimiz 32 ildə əsasən məğlub imici qazanıb. Buna baxmayaraq, ölkəmizin 1 nömrəli komandası ara-sıra qələbələri ilə sevinc də bəxş edib. Avrokuboklarda ardıcıl illərdə qrup həyəcanı yaşayan “Qarabağ”ın, daha öncə “Neftçi”nin, bir müddət “Qəbələ”nin uğurlarına sevinən azarkeşlərimiz millidən eyni nəticələri görməsələr də, yığmamız hər tskldə bir-iki qələbə ilə təsəlli verib.

Bəs, görəsən bu qələbələrdə ən çox payı olan kimdir? İdman.biz qalib gəldiyimiz matçlarda meydana daha çox çıxanların siyahısını tərtib edib.

Kapitan hamıdan öndə
Milli formada ən çox oyun keçirən Rəşad Sadıqovdur. Yığmanın sabiq kapitanı 111 görüşə çıxıb. Təbii ki, onun qələbə qazanmaq şansı da daha çox olub. “14 nömrə”miz də bundan maksimum yararlanıb.

O, yığma karyerasında 20 dəfə qalib tərəfdə olub. Bu qələbələrdən 8-i seçmə mərhələlər, 12-si yoxlama oyunlarına təsadüf edib. Millimiz Sadıqovun keçirdiyi matçların cəmi 18,02 faizində qalib gəlib. İlk qələbə sevincini 2002-ci ildə dadan müdafiəçi 15 ildən sonra “20”yə çatıb.

21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:0
11 iyun 2003. Bakı. AÇ. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1
28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan - 2:3
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan - 3:1
4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan - 1:2
15 oktyabr 2008. Manama. YO. Bəhreyn - Azərbaycan - 1:2
25 fevral 2010. YO. Əmman. İordaniya - Azərbaycan - 0:2
3 mart 2010. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan - 1:2
12 oktyabr 2010. AÇ. Bakı. Azərbaycan - Türkiyə - 1:0
6 sentyabr 2011. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan - 3:2
27 fevral 2012. YO. Dubay. Azərbaycan – Hindistan - 3:0
15 avqust 2012. YO. Bakı. Azərbaycan - Bəhreyn - 3:0
14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0
11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan - Şimali İrlandiya - 2:0
5 mart 2014. YO. Dubay (BƏƏ). Azərbaycan - Filippin - 1:0
28 mart 2015. Bakı. AÇ. Azərbaycan - Malta – 2:0
4 sentyabr 2016. Serravalle. DÇ. San-Marino - Azərbaycan - 0:1
8 oktyabr 2016. Bakı. DÇ. Azərbaycan - Norveç - 1:0
9 mart 2017. Doha. YO. Qətər - Azərbaycan - 1:2
5 sentyabr 2017. Bakı. DÇ. Azərbaycan - San-Marino - 5:1

Qəbələdə yeni rekord?
Sadıqovun 2017-ci ildə müəyyənləşdirdiyi son rekord 7 ildən sonra təkrarlanıb. Beş ay əvvəl Qazaxıstanla görüşdəki qələbə Bədavi Hüseynovun millidəki 20-ci sevinci olub. Milliləşən rusiyalı bu gün də yığmanın düşərgəsindədir.

Əgər yığmamız Estoniyaya qalib gəlsə, müdafiəçimiz Qəbələdə rekord vuracaq. Hüseynovlu komandamızın ilk qələbəsi 2012-ci ildə Hindistanla görüşə təsadüf edib ki, həmin görüşdə Sadıqov da meydanda olub. Ümumiyyətlə, cütlük 7 qələbədə çiyin-çiyinə pay sahibi olub.

Amma Bədavi daha az – 75 matçda 20 sevinc yaşayıb. O, 5 ay əvvəlki qazandığı yubiley qələbəsinə 12 ilə çatıb. Müdafiəçinin qələbə faizi 26,67-yə bərabərdir.

27 fevral 2012. YO. Dubay. Azərbaycan – Hindistan - 3:0
6 fevral 2013. YO. Dubay. Azərbaycan – Lixtenşteyn - 1:0
14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0
11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan - Şimali İrlandiya - 2:0
5 mart 2014. YO. Dubay (BƏƏ). Azərbaycan - Filippin - 1:0
28 mart 2015. Bakı. AÇ. Azərbaycan - Malta – 2:0
21 noyabr 2015. Bakı. YO. Azərbaycan - Moldova - 2:1
8 oktyabr 2016. Bakı. DÇ. Azərbaycan - Norveç - 1:0
9 mart 2017. Doha. YO. Qətər - Azərbaycan - 1:2
9 iyun 2018. Riqa. YO. Latviya - Azərbaycan - 1:3
11 oktyabr 2018. Torshavn. ML-D. Farer adaları - Azərbaycan - 0:3
17 noyabr 2018. Bakı. ML-D. Azərbaycan - Farer adaları - 2:0
9 oktyabr 2019. Riffa. YO. Bəhreyn - Azərbaycan - 2:3
8 sentyabr 2020. Bakı. ML-C. Kipr – Azərbaycan – 0:1
2 iyun 2021. Minsk. YO. Belarus - Azərbaycan - 1:2
13 iyun 2022. Bakı. ML-C. Azərbaycan – Belarus – 2:0
22 sentyabr 2022. ML-C. Slovakiya – Azərbaycan – 1:2
25 sentyabr 2022. ML-C. Azərbaycan – Qazaxıstan - 3:0
22 mart 2023. Bakı. YO. Azərbaycan - Monqolustan - 1:0
11 iyun 2024. YO. Sombatxey. Azərbaycan - Qazaxıstan - 3:2

Bombardirlər və pusqudakılar
Bütün sahələrdə və göstəricilərdə liderlə rekordçular olduğu kimi onların izləyiciləri də diqqətdən kənar qalmır. Elə yığmamızdakı qələbə sayında da rekordçuları izləyənlər yetərincədir. İlk növbədə göz önünə 15-dən çox – 16 və ya daha artıq qələbəsi olanlar gəlir.

Ümumilikdə, buna 9 futbolçu nail olub. Bir sözlə, rekordçu cütlüyün 7 izləyici var. Lakin onların da bəziləri artıq karyeralarını ya başa vurublar, ya da millidən çox-çox uzaq düşüblər.

Hərəyə 17 qalibiyyət yaşayanlar arasında yalnız Ramil Şeydayev bu göstəricini artırmaq şanslarına malikdir. Maksim Medvedev, Kamran Ağayev və Qurban Qurbanov isə “17”ni adlaya bilməyəcək.

Qurbanov kimi vurduğu 14 qolla milli tarixinin bombardiri olan Emin Mahmudovun 16 qələbəsi var. Eyni göstəriciyə malik Qara Qarayevlə Rahid Əmirquliyevdən fərqli olaraq Mahmudov hələ də milli üzvüdür və rekorda çatmağa iddia edə bilər. Emin 16 və daha çox qələbəsi olanlar arasında ən az oyun keçirməsi ilə diqqət çəkir. Onun millidəki qələbə faizi bu “doqquzluq”da hamıdan yüksəkdir – 30,77.

1-2. Rəşad Sadıqov – 20 qələbə (111 oyun)
Bədavi Hüseynov – 20 (75)
3-6. Maksim Medvedev – 17 (81)
Kamran Ağayev – 17 (79)
Qurban Qurbanov – 17 (68)
Ramil Şeydayev – 17 (67)
7-9. Qara Qarayev – 16 (77)
Rahid Əmirquliyev – 16 (60)
Emin Mahmudov – 16 (52)

“Qarabağ”lılardan üstünlük
Əlbəttə, millimiz kimi o qədər də güclü olmayan komandalarda daha az oyun keçirənlərin qələbə faizinin daha yüksək olması normaldır. Bu üzdən də daha az maça çıxanların göstəricisi həm rekordçular, həm Mahmudovla müqayisədə daha yaxşı təsiri bağışlayır. Ən azı 10 qələbə qazananların siyahısında ən yüksək qalibiyyət faizi olanlar da maraq doğurur.

Elvin Cəfərquliyev bu baxımdan mütləq liderdir. O, indiyədək 25 oyuna çıxıb. Bunların 10-da qələbə əldə edilib. Onun uğur faizi 40,00-a bərabərdir. Elvinin həm yığma, həm “Qarabağ”dakı Aleksey İsayev eyni sayda qələbəni 26 qarşılaşmada əldə edib. Milliləşən legionerimiz 38,46 faizlik göstəriciyə malikdir.

Qələbənin yarısı
Millinin heyətində 10 və daha çox matça çıxanlar arasında öz rekordçuları var. Bu, hazırda millinin düşərgəsində yer alan Musa Qurbanlıdır. Onun keçirdiyi 14 görüşün yeddisində millimiz qalib gəlib.

50 faizlik nəticəsi olan Musanı Qismət Alıyev izləyir. Onun şans qazandığı 13 qarşılaşmada 6 uğur əldə olunub. Qismətin qələbə faizi 46,15-ə bərabərdir.

Ancaq qələbə
İndiyədək millidə oynamış futbolçulardan 190-ı qələbə sevinci dadıb. Digərləri isə uğura həsrətdirlər. Qalibiyyəti olanlar arasında 100 faizlik nəticəyə imza atanlar da az deyil.

Söhbət yığmada 1-2 oyun keçirənlərdən gedir. Belə oyunçularımız olub ki, onların iştirakı ilə baş tutan görüşlərdə istisnasız qələbə qazanılıb.

Onlardan ikisi digərlərindən daha çox – hərəyə 2 qarşılaşmada meydana çıxıb. Bu rekordçular Elmir Xankişiyevlə Markus Ferreyradır.

1997-ci ildə Türkmənistanı 3:0, iki il sonra Lixtenşteyni 4:0 hesabı ilə udan millinin heyətində Elmir də meydana çıxıb. Hər iki qarşılaşmada darmadağınla qələbə qazanılıb. Milliləşən braziliyalı 2007-ci ildə Özbəkistan və Qırğızıstana qarşı forma geyinib. Hər iki görüşün taleyini millimizin bir qolu həll edib.

Qeyd edək ki, indiyədək 303 matça çıxan yığmanın hesabında 61 qələbə var.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
42
idman.biz

1Mənbələr