AZ

Trampın qulaqburması: ABŞ Avropanı Rusiya və Çinlə üz-üzə qoya bilər?

Avropa ölkələri Donald Trampın iqtisadi siyasətinə görə eyni anda həm ABŞ, həm də Çinlə ticarət müharibələrinə cəlb olunma riski ilə üzləşirlər. Bu fikri Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, Avropa açıq şəkildə tarif müharibələri dünyasına daxil olur və ABŞ-ın yeni prezidenti avropalılarla amerikalılar arasında dəyər zəncirlərini poza bilər.

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, indiki məqamda Donald Tramp Amerika Birləşmiş Ştatlarının Rusiya və Çinə qarşı tətbiq etdiyi vergi siyasəti, ticarətlə bağlı qadağaları, iqtisadi əlaqələrin sərti dinamik addımlarını birdən-birə Avropaya qarşı həyata keçirə bilməz:

“Çünki belə olan halda ABŞ bir nöqtədən sonra özü təklənər. ABŞ-nin hərbi, siyasi, iqtisadi, ticari və digər sahələrdə dünyanın ən birincisi olduğunu söyləmək olar. Ancaq Amerika dünyanın digər böyük mərkəzlərinə qarşı cəbhə alarsa, dünyadakı nüfuzunu itirər. Donald Trampın qəflətən belə radikal qərar alacağını düşünmürəm. Tramp sadəcə Avropaya qulaqburması verməklə ABŞ-nin onlar üçün necə əhəmiyyətli olduğunu göstərməyə çalışır. Yəni Tramp deməyə çalışır ki, Avropa özünün xarici siyasətində ABŞ faktorunu düzgün qiymətləndirməsə, Amerika onu Şərqdəki imperiya maraqlarından çıxış edən Rusiya və Çinlə üz-üzə qoya bilər. Ona görə də Trampın Avropa siyasətində hansısa müttəfiq ruhuna əks addımlar atmasını gözləmək mümkündür. Həmçinin Donald Tramp seçki kampaniyasında söyləmişdi ki, biz Amerikanın yenidən sahib olduğu əhəmiyyətinə qaytaracıq. Bu mənada deyə bilərik ki, Trampın apardığı addımlar sərt olmayacaq, Avropa və Amerikanın müttəfiq ruhu zədələnməyəcək. Çünki Amerikanın Avropaya, Avropanın da Amerikaya ehtiyacı var. Hər iki tərəf 1990-cı illərdən sonra təkqütüblü dünya sistemi formalaşdırmışdılar. Beləliklə dünyanın qalan bütün hissəsinə hər bir sahədə hegemonluq edə bilirdilər. İndi isə Çin, Rusiya, İran, Braziliya, Cənubi Afrika kimi ölkələrin təkqütüblü Qərb və Amerika hegemonluğuna qarşı çıxdığı vaxtda ABŞ və Avropa biri-birinin ən yaxın müttəfiqini itirmək istəməzlər”.
Seçilən
25
sherg.az

1Mənbələr