AZ

Gürcüstandan yeni vasitəçilik təklifi – Bakıdan ilginc reaksiyalar

Azərbaycan XİN-in rəsmisi hesab edir ki, danışıqların keçirilməsi üçün məkanlar barədə təklifləri Bakı daim müsbət dəyərləndirib - deputatlar isə Ermənistanın qeyri-konstruktiv siyasətini qabardır

COP-29 ərəfəsində sülhlə bağlı sənəd imzalanacağına dair proqnozlar özünü doğrultmadı.

Ermənistan sülhdən yayınmaq “siyasətini” davam etdirir və konkret addımlar atmaq əvəzinə “məktub-məktub” oyunu oynayır. Əlbəttə, bu, sonsuzadək davam edə bilməz. 

Azərbaycan rəsmiləri COP29 çərçivəsində keçirilən tədbirlərdə açıqlamalar verərkən danışıqların növbəti ay bərpa oluna biləcəyini deyiblər. Danışıqların keçirilməsi üçün bir sıra ölkələr isə vasitəçilik təklif edir. 

COP.jpg

Son olaraq Qazaxıstan belə bir təşəbbüslə çıxış edib, ardınca isə Gürcüstan danışıqlarda vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.

İRAKLİ.jpeg

Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib: “Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, buna hazırdır. Bu hazırlıq indi də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəyə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”.

Xatırladaq ki, əvvəllər də Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib. O cümlədən, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə Bakıya minalanmış xəritələr göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin 2022-ci il iyulun 16-da Tiflisdə baş tutan görüşü olub. 2023-cü ilin oktyabrında isə ilk dəfə Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.

Həmin ilin 8 oktyabrında Prezident İlham Əliyev və Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvilinin görüşündən sonra keçirdikləri  mətbuata bəyanatlarla da bu mövzu barədə mövqelər açıqlanmışdı. Gürcü baş nazir  ümid etdiyini vurulamışdı ki,  Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq.

Prezident isə qeyd etmişdi ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq:

“Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür”. Dövlət başçısı xəbərdar etmişdi ki, bu şansı əldən vermək böyük səhv olar. Prezident bəyan etmişdi ki, bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: “Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi .Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Amma  “daşdan səs çıxdı”, Ermənistandan yox. Hətta Nikol Paşinyanın Gürcüstana səfəri zamanı da Tiflisin vasitəçilik təşəbbüsünə reaksiya verilmədi.

Bir incə məqamı da qeyd edək ki, Azərbaycan ümumiyyətlə, vasitəçisiz, birbaşa görüşlərin tərəfdarıdır. Biz vasitəçilərin 30 il ərzində hansı “nəticələr qazandırdığını” görmüşük. Üstəlik, bu gün həm Rusiya, həm də Qərb paytaxtları vasitəçilik üçün təşəbbüslər göstərməkdədir. Lakin Gürcüstanın hazırki hökumətinin növbəti dəfə təşəbbüslə çıxış etməsi yeni situasiyadır. Bəs, Tiflisin vasitəçilik təkliflərinə Bakının reaksiyası necədir?

AYXAN

XİN-in mətbuat katibi Ayxan Hacızadə Musavat.com-un sualına cavabında bildirdi ki, sülh sazişi üzrə danışıqlar Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda aparılır:

“Bu danışıqların keçirilməsi üçün məkanlar barədə təklifləri Azərbaycan tərəfi daim müsbət dəyərləndirib”.

Siyasi analitiklərin, millət vəkillərinin də məsələyə münasibəti maraqlı oldu.

SAHİB

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirdi ki, Gürcüstanın 2021 və 2022-ci illərdə  etdiyi vasitəçilik bir növ şərikli xarakter daşıyırdı:

“Yəni burada ABŞ də az rol oynamırdı. Ancaq sonradan ABŞ  vasitəçi kimi öz rolunu daha çox qabartmağa, bunu iç siyasətin bir elementinə çevirməyə və haymərkəzli təsir bağışlayan hayalətli siyasət yeritməyə üstünlük verdi. Bununla da danışıqlar prosesinə böyük zərbə vurdu. Ancaq hazırda elə bir vəziyyət yaranıb ki, biz vasitəçilərsiz daha  uğurlu danışıqlar aparırıq, nəinki onlardan hər hansı biri yardımçı rolunda çıxış etmək istədikdə”. S.Alıyevin sözlərinə görə,  Paşinyanın son açıqlaması bir növ bunu təsdiqləyir: “Ona görə də  düşünürəm ki, artıq Gürcüstan, yaxud da başqa bir dövlətin vasitəçiliyinə  elə də ehtiyac duyulmur. Amma Gürcüstan  ikitərəfli danışıqların keçiriləcəyi yerlərdən biri ola bilər.  İkitərəfli danışıqlar uğurla nəticələnərsə, bunun ardınca mütləq üçtərəfli danışıqlar  gələcək. Çünki biz region ölkələri olaraq  mövqelərimizi möhkəmləndirmək istəyiriksə, bu sıx inteqrasiyasız mümkün deyil. Və Paşinyanın dediyi əsl strateji tərəfdaşlıq da o zaman baş tuta bilər.  Yəni hər şey Ermənistan Azərbaycana qarşı ərazi iddiasına özdə deyil, əməldə  son qoymasından asılıdır”.

ceyhun.jpg

Deputat Ceyhun Məmmədovun da məsələyə baxışı belədir ki, rəsmi İrəvanın qeyri-konstruktivliyi problem yaradır:

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, COP29 ərəfəsində sülhlə bağlı sənədin imzalanması baş tutmadı. Burada yenə də məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan sülh imitasiyasına son qoyaraq konkret addımlar atmalıdır. Azərbaycan uzun müddət bu vəziyyətlə barışmayacaq. Eyni zamanda, Ermənistanın heç bir rəsmisinin tədbirə qatılmaması, Paşinyanın son əsassız açıqlamaları da bu fikri təsdiq edir. Ermənistan sülhdə maraqlı deyil, olsa idi real addımlar atardı”. Vasitəçilik məsələsinə gəldikdə, C.Məmmədov vurğuladı ki, danışıqların keçirilməsi üçün bir sıra ölkələr, təşkilatlar dəfələrlə vasitəçilik təklif ediblər: “Məsələn, son olaraq Qazaxıstan belə bir təşəbbüslə çıxış etdi, ardınca isə Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazır olduğunu bildirdi. Məlum olduğu kimi, əvvəllər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib. Ancaq məsələnin digər tərəfi ondadır ki, danışıqların hansı platformada aparılmasından asılı olmayaraq, Ermənistanda real sülh istəyi olmalıdır. Gürcüstan hakimiyyəti Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirməkdə, sülhə nail olmaq üçün iki dövlətə dəstək olmaqda maraqlıdır”. Deputat qeyd etdi ki, Azərbaycanda da bu danışıqlarda maraqlı olduğunu hər zaman nümayiş etdirib: “Ancaq Paşinyanın növbəti dəfə Azərbaycanı ittiham etməsi başqa mətləblərdən xəbər verir: hər zaman olduğu kimi  Azərbaycanı hədəfə gətirmək. Ermənistan uzun müddətdir belə görüntü yaratmağa çalır ki, guya o sülh istəyir, Azərbaycan isə etiraz edir. Reallıq isə belədir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymaq istəmir.  Əgər belə niyyəti olsaydı,  konstitusiya dəyişikliklərinə gedərdi.  Azərbaycan gəldikdə biz harada keçirilməsindən asılı olmayaraq danışıqlara hazırıq. Ancaq bu danışıqların nəticələri olmalıdır. Bunun üçün ən yaxşı platformalarından biri Gürcüstandır. Ümid edirik ki, Ermənistan hakimiyyəti ən yaxın vaxtda oyunbazlığa son qoyaraq sülh müqaviləsinin imzalanması üçün real addımlar atacaq”.

Beləcə, həm XİN səviyyəsində, həm də Milli Məclis üzvləri tərəfindən Azərbaycanın ümumi maraqlar naminə danışıqlara hazır olduğu vurğulandı. Dövlət başçımız 3+3 formatını və Qafqaz Evi ideyasını təklif edərkən də regional sülh və əməkdaşlığa nə dərəcədə böyük önəm verdiyini prinsipial şəkildə ortaya qoyub. Top Ermənistandadır...

Elşad Paşasoy,
Musavat.com

Seçilən
7
1
musavat.com

2Mənbələr