AZ

Köklü dəyişiklərin astanasında – Milli bu yolla xilas olacaq

Azərbaycan millisində tarixi fakta şahidlik etməkdəyik.

Bəlkə də böyük əksəriyyət buna diqqət yetirməyib, ancaq həqiqətən belədir.

Baş məşqçi Fernando Santuş gəncləşdirmə siyasətinə bel bağladığını təkcə sözdə deməyərək, əməldə həyata keçirməkdədir. Estoniya və İsveçlə oyunlar portəgiz çalışdırıcı üçün əsl poliqondur.

Onsuz da, it də gedib, ip də. Hətta mümkün iki qalibiyyət də turnir cədvəlində heç nəyə təsir etməyəcək. Odur ki, Santuş gələcəyin komandasını qurmaqda iddialıdır.

Bu dəfəki toplanışda millimizin heyətində cəmi dörd “millişləşdirilmiş” var – Bədavi Hüseynov, Anton Krivotsyuk, Ozan Can Kökçü və Aleksey İsayev.

Bədavinin 10 ildən artıqdır Azərbaycanda top qovduğunu, Ozan Canın isə türk olduğunu nəzərə alsaq, onları hansısa mənada bizdən biri hesab edə bilərik.

Əvəzində, milli komanda Filip Ozobiç, Höccət Haqverdi, Mehdi Cənnətov kimi əcnəbilərdən təmizlənməkdədir.

Bu dəfə yığmaya dəvət alanların yaşı da üz güldürür. 2000-ci ildə və sonrakı dönəmdə anadan olanlar 10 nəfərdir.

Yəni komandanın az qala yarısının yaşı 24-ə qədər olanlardır: Rza Cəfərov, Nicat Mehbalıyev, Zamiq Əliyev, Elvin Cəfərquliyev, Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Səbuhi Abdullazadə, Toral Bayramov, Musa Qurbanlı və Nəriman Axundzadə.

30-u aşan isə bir nəfərdir – Bədavi Hüseynov. Düzdür, Emin Mahmudov da var idi, lakin zədə səbəbindən uzaqlaşdırıldı. Çox güman, DÇ-2026-nın seçmə mərhələ oyunlarında onlar da olmayacaq.

Millini gəlmələrdən təmizləmək və yaş ortalamasını azaltmaq Santuşa divident gətirəcək. Bu gün də olmasa, sabah mütləq. Bu şəkildə davam!

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
73
sportinfo.az

1Mənbələr