AZ

Həftəsonunu harada keçirək?

Həftə içi gərgin iş rejimi  insanı həm fiziki, həm də mənəvi olaraq yorur. Bu səbəbdən həftəsonlarını daha yaxşı keçirmək, mədəni istirahət etmək üçün bütün fürsətlərdən istifadə önəmli rol oynayır.

 

Modern.az sizə həftəsonu gedə biləcəyiniz yerləri təqdim edir:

 

“Dantenin Yubleyi” tamaşası

 

Ərşad Ələkbərov Xalq yazıçısı Anarın eyniadlı povestinin motivləri əsasında səhnələşdirib. Tamaşa bu gün saat 19:00-da Azərbaycan Milli Dram Teatrında  göstəriləcək. Teatr nə sənətdə, nə də ailədə yeri olan, eyni zamanda  gücsüz, əlacsız, amma saf insanın – Kənirinskinin faciəsini göstərir. Kəbirinski teatrda, sənətdə istedadsız və faydasız olsa belə, həyatda bir yer tutmaq istəyən, eyni zamanda cəmiyyətin dəyişə bilmədiyi insandır. Bu obraz kütlənin gülmək istədiyi qəhrəmandır, çünki o, istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən aktyordur. Tamaşa bu kiçik, istedadsız aktyor-insanın faciəsindən, "gülməli" aqibətindən bəhs edir. 

 

"O olmasın, bu olsun" tamaşası

 

“O olmasın, bu olsun” əsərini Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəyli 1911-ci ildə yazıb. Əsərdə hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrdə cərəyan edir. Əsərin qəhrəmanı tacir Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsi kimi göstərilib. Onun gənc Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilib. Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə varlı-dövlətli olması deyil, həm də bütün sərvətini qumarda uduzub müflisləşən Rüstəm bəyin tamahkarlığı, pula hərisliyidir. O, gənc qızını qoca kişiyə yalnız ondan daha çox pul qoparmaq naminə verməyə razılaşıb. Əsər boyu həm də Məşədi İbadı əhatə edən fırıldaqçı və hər şeydə özü üçün xeyir güdən “ziyalı” təbəqənin iç üzü görünür.  Azərbaycanı dünyaya tanıdan bu tamaşa 17 noyabr Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da səhnələşdiriləcək. İkihissəli tamaşanın birinci hissəsi 1 saat 10 dəqiqə, ikinci hissəsi isə 45 dəqiqə çəkir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. 

 

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu gün COP29-a həsr olunmuş konsert keçiriləcək. Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə keçirilən konsetdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri çıxış edəcək. Proqrama Vaqif Mustafazadənin “Mart”, Vivaldi – “İlin fəsilləri” silsiləsindən “Qış” kimi məşhur ifaları ilə yanaşı Robert Fuchs  – Serenada №3, ор.21 əsəri Bakıda ilk dəfə ifa olunacaq.

 

 “İqlimlər və ilmələr” sərgisi

 

Azərbaycan Xalça Muzeyində 15 noyabrdan başlayan və ayın sonuna qədər davam edəcək olan  “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi ilə tanış olmaq üçün bu həftə sonunu dəyərləndirə bilərsiniz. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan yaratdıqları əsərlər nümayiş olunur.

 

“Tağıyev” bədii filmi

 

Hacı Zeynalabdin Tağıyevin həyat və faəliyyətindən bəhs edən “Tağıyev” bədii filminə ölkənin bütün kinoteatrlarında baxma imkanınız olacaq. Film XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələri özündə əks etdirərək, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin neft sayəsində dəyişən taleyini, regionda Zeynalabdin Tağıyevin və neft yüksəlişinin uğurla dolu hekayəsini və Tağıyevin qətiyyətli xarakteri, ölkə üçün verdiyi qərarlara şahidlik edə biləcəksiniz. 

Seçilən
19
modern.az

1Mənbələr