AZ

ABŞ NATO-dan çıxsa.... – Tramp blef edir, yoxsa?

Siyasi şərhçi: “Amerika bu addımı atarsa, avtomatik olaraq  Alyansda əsas güc Türkiyəyə keçəcək”

ABŞ-da son prezident seçkilərində qalib gələn Donald Tramp Konqresin razılığı olmadan ABŞ-ı NATO-dan çıxara bilər. Bu barədə “Politico” nəşri yazıb.

Qeyd edək ki, illər öncə ölkədə prezidentin alyansdan çıxması ilə bağlı istənilən qərarının Senat tərəfindən 2/3 səslə və ya Konqresin aktı ilə təsdiqlənməsini tələb edən qanun qəbul edilib. Lakin nəşr ekspertlərə istinadən vurğulayır ki, respublikaçı Tramp “xarici siyasət məsələlərində prezident səlahiyyətlərinə” istinad etməklə bu əngəli aşa bilər.

Bunu da qeyd edək ki, Konqresə son seçkilərdən sonra parlamentin hər iki palatasında üstünlük Trampın təmsil olunduğu Respublikaçılar Partiyasına keçib.

“Guardian” isə yazıb ki, Ukraynadakı müharibəyə pul tökmək istəmədiyini dəfələrlə vurğulayan Trampın andiçmə mərasimindən sonra ABŞ-ın xarici siyasəti kəskin dəyişikliklərə məruz qala bilər. Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş direktoru Riçard Fonteyn xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya hazırki yardım paketi yalnız 2024-cü ilin sonuna qədər davam edəcək.

Tramp gerçəkdənmi ABŞ-ı bu dəfə NATO-dan çıxaracaq? O halda Qərb üçün, Rusiya və bölgəmiz üçün nəticələr nə olacaq? Yoxsa o, blef edir?

Siyasi şərhçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Birləşmiş Ştatların indiki mərhələdə NATO-dan çıxması inandırıcı görünmür: "ABŞ olmadan NATO “qanadsız quş”a çevriləcər. Çünki uzun illər ərzində alyansın bütün ağırlığı Amerikanın üzərində olub. Digər tərəfdən, ABŞ ittifaqdan kənarlaşarsa, avtomatik olaraq alyansda əsas güc Türkiyəyə keçəcək. Çünki 600 minlik hazırlıqlı ordusu ilə Türkiyə NATO-nun ikinci hərbi güc mərkəzidir. Bunu nə ABŞ, nə də Avropa həzm edə bilər. Eyni zamanda, Qərb ölkələri ABŞ-ın razılığı və iştirakı olmadan hər hansı münaqişənin taleyini həll etmək iqtidarında deyil. Ukrayna savaşında Britaniya və ABŞ olmadan Fransanın öndərliyindəki Qərb Rusiyanın qarşısında duruş gətirə bilmir. Hətta Ukraynaya kömək məsələsində Avropa İttifaqı daxilində fikir ayrılıqları pik həddə çatıb. Bu baxımdan, Trampın ABŞ-ı NATO-dan çıxaracağı ilə bağlı səsləndirilən fikirlər həqiqətlə uzlaşmır. Çox güman ki, Vaşinqton bu cür informasiyalarla Qərbə barmaq silkələyir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə hesab edir ki, Trampın yenidən prezident seçilməsi ABŞ-ın daxili və xarici siyasətində xeyli dəyişikliklərə yol açacaq:

“Trampın əvvəlki prezident seçkiləri dönəmlərində biz onun ziddiyyətli və avantürist siyasət yürütdüyünü izlədik. Qalmaqal yaradan qərarları təlaşlar da yaratdı. Meksika ilə sərhəd boyunca hasarın çəkilməsi, miqratların ölkədən qovulması, Çinlə iqtisadi savaş, Paris İqlim Sazişindən çıxması, Qüdsü İsrailin paytaxtı elan etməsi, NATO müttəfiqlərinin müdafiə xərclərinin artırılması və.s kimi qərarları ciddi gərginliklər yaratdı. Beynəlxalq münasibətlər sistemində qarşıdurmaları və ziddiyyətləri daha da artırdı. Təsadüfi deyil ki, onun hakimiyyətə qayıdışı narahatlıqlar yaratmaqdadır. Bu gün müzakirə aparılan məsələlərdən biri də Birləşmiş Ştatların NATO ilə bağlı verəcəyi qərardır. Hesab etmirəm ki, ABŞ NATO-dan çıxacaq. Bu hərbi alyans Vaşinqtonun beynəlxalq aləmdə hegemonluğunu təmin etmək və qorumaq üçün vacib amildir. Məhz Alyansın hərbi siyasi gücündən ABŞ daha çox yararlanır. Xüsusən də, dünyanın Qlobal Şərq və Qlobal Qərbə bölündüyü və çoxqütblü dünya düzəninə Çinin can atması fonunda Ağ Evin NATO-nu tərk etməsi arzuolunan deyil. Məncə, Tramp çalışacaq ki, büdcə yükünü və maliyyələşməni Birləşmiş Ştatların üzərindən azaltsın. Nəzərə almaq lazımdır ki, Tramp biznesmendir və siyasətə də biznes maraqlarından yanaşılmasına üstünlük verir. Eyni zamanda, o, güc və zor tətbiq etməyə meyillidir. Belə hal təbii ki, Qərb müttəfiqlərini ciddi şəkildə düşünməyə vadar edir. Öz təhlükəsizliklərini özlərinin qorumaq imkanlarını nəzərdən keçirmək məcburiyyətində qoyur. Tramp əgər NATO-dan çıxmaq haqda qərar versə, bunun qarşısında məhz Konqresin duracağı düşüncəsindəyəm. Tramp prezidentdir, ancaq hakimi-mütləq deyil. Birləşmiş Ştatların maraqlarını xələl gətirəcək addımların qarşısını almağın da vasitələri mövcuddur".

Politoloq Qərbin də artıq Rusiya-Ukrayna savaşının bitməsində maraqlı olduğunu düşünür:

"Ukrayna-Rusiya müharibəsi ətrafında artıq tərəflərdən kompromislər tələbi səsləndirilməkdədir. Müharibə ABŞ büdcəsinə də böyük xərcləmələr yaradır.

Müharibədən hər iki tərəf yorğundur. Digər tərəfdən, Qərb Rusiyanın qlobal planlarının qarşısını almaq və beynəlxalq oyunçudan regional güc mərkəzinə çevirmək planlarını həyata keçirə və böyük ambisiyalardan çəkindirmə planlarını həyata keçirə bildi. Bundan sonra müharibəni bitirmək Trampın işinə yarayır. Bəzi Qərb liderlərinin, o cümlədən Almaniya prezidentinin Putinlə təmasları və bu təmasların davam etdirilməsi barədə razılaşma onu deməyə əsas verir ki, Qərb də Rusiyadan böyük güzəştlər qoparmaq şərti ilə müharibəyə son qoymaqda istəkli görünür".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
77
50
musavat.com

10Mənbələr