AZ

Tbilisidə “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib

Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb.

Sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub.

Azərbaycan Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların maraqlı mənası var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayı muzeyə təqdim edilib.

Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub.

Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.

Festivalın açılışından əvvəl Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.

Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması barədə məlumat veriblər.

Maraqlı konsert proqramı ilə davam edən tədbirdə aşıq Nargilə Mehdiyeva Azərbaycan xalq mahnılarını, Tbilisi məktəblərinin şagirdləri milli rəqslərimizi ifa ediblər.

Seçilən
24
sia.az

1Mənbələr