COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda BMT-nin İqlim Konfransında Rəqəmsallaşma Günü keçirilib. İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub.
Publika.az xəbər verir ki, Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.
Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək idi.
Tədbiri giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal texnologiyaların önəminə diqqət çəkib: “Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin “Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”.
Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq öz yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb.
Bu xüsusda Azərbaycanda peyk əsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaları azaldan rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb.
Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib.
Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq edilməsidir.
COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.
“COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi” deyən BTİ Baş katibi Doreen Bogdan-Martin həmçinin əlavə edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.