AZ

“Suxumidəki iğtişaşları Abxaziyanın Gürcüstana birləşdirilməsinə dəstək məqsədi ilə Kreml də təşkil edə bilər...”

“...Ola bilər ki, Gürcüstanla Rusiya arasında bu istiqamətdə hansısa bir razılaşma var. Müəyyən əlamətlər görsənir. Və böyük ehtimalla Qərbin kəşfiyyat orqanları da həmin sövdələşmədən məlumatlıdır. Ona görə də Abxaziyadan Rusiyaya qarşı istifadə etməyə çalışırlar...”
 
"Amma, təbii ki, hər bir ssenari, hər bir proqnoz qüsurludur; o yerinə də yetə bilər, bilməyə də... Və hadisələrin gedişi istənilən vaxt başqa istiqamətə yönələ bilər...”
 
Artıq bir müddətdir ki, Tiflisdəki Rusiyameyilli oliqarx Bidzina İvanişvilinin faktiki liderlik etdiyi hazırkı hakimiyyətin Kremlin patronajlığıyla Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana birləşdirə biləcəyi haqda informasiyalar gündəmə gəlib. Bu fonda son günlər qondarma Abxaziya “respublikası”ndakı müxalifət qrupları Suxumidə separatçı qurum rəhbərliyinə qarşı etirazlara başlayıb. Buna səbəb Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak satın almağa icazə verən qərarın qondarma “parlament”də müzakirə edilməsi olub.  Bir qrup etirazçı “parlament” binasını ələ keçirib və Abxaziya "prezidenti"nin istefasını da tələb ediblər. Nəticədə, Rusiya mətbuatının yazdığına görə, Abxaziya lideri Aslan Bjaniya etirazçıların təşəbbüs qrupu ilə görüş zamanı postunu tərk etmək təklifi ilə razılaşıb. Hətta bəzi mənbələrin məlumatına görə, “prezident” öz kəndinə qaçıb. Görəsən, Rusiya kəşfiyyatı əsasən bu imperiyanın nəzarətində olan, hətta “müstəqilliyi” Kreml tərəfindən tanınmış  bu qondarma qurum ərazisində belə kütləvi etirazlara imkan verib? Nə əcəb, “FSB” öncədən bu etirazların qarşısını almayıb? Bu proseslər hansısa xarici güclər tərəfindən körüklənibsə, hansı istiqamətə aparır?..
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı versiyalar səsləndirib:
 
“Abxaziyada baş verən hadisələrə bir neçə rakursdan, mövqedən qiymət vermək olar. Amma hesab edirəm ki,  məsələ Rusiyanın Gürcüstanla yaxınlaşmasıyla bağlıdır. Gürcüstanın hazırkı hakimiyyəti ərazi bütövlüyünü hansısa formada bərpa etmək üçün Kremlin dəstəyinə arxalanmaq istəyir. Rusiya ilə münasibətlər bir qədər normallaşıbdır. Düzdü, bunu ört-basdır etməyə çalışırlar. Gürcüstan hakimiyyəti bu gün də bildirir ki, onlar Qərbə inteqrasiyanın tərəfdarıdırlar, onlar bu yoldan çəkinməyiblər. Amma Rusiya ilə münasibətləri də başqa bir müstəviyə keçirirlər. Çünki Rusiya ilə qarşıdurma nəticəsində, yəni 2008-ci il hadisələrindən sonra Gürcüstan ərazisinin bir hissəsini - Abxaziya və Osetiyanı itirdi. Hazırda isə həmin əraziləri qaytarmaq üçün müəyyən planlar, təkliflər var. O cümlədən konfederasiya yaradılmasıyla bağlı... Sözügedən kontekstdən yanaşdıqda, ola bilər ki, Gürcüstanla Rusiya arasında bu istiqamətdə hansısa bir razılaşma var. Müəyyən əlamətlər görsənir. Və böyük ehtimalla Qərbin kəşfiyyat orqanları da həmin sövdələşmədən məlumatlıdır. Ona görə də Abxaziyadan Rusiyaya qarşı istifadə etməyə çalışırlar. Yəni Abxaziyada anti-Rusiya mövqeyinin bu şəkildə güclənməsi, hesab edirəm ki, məhz Rusiya-Gürcüstan yaxınlaşmasıyla bağlıdır. Və Abxaziya müxalifəti özbaşına yox, Qərbin dəstəyi ilə bu kütləvi etirazları başladıb. Təxminən belə müqayisə edə bilərik ki, Ermənistan və onun əvvəlcə Rusiyanın dəstəyi ilə Azərbaycan ərazisində yaratdığı qondarma rejim də Qərbə arxalanaraq Rusiyaya qarşı sərt mövqe tutdular, açıq anti-Rusiya mövqeyi nümayiş etdirdilər. Və ümid edirdilər ki, Qərb onları Azərbaycana qarşı geniş şəkildə dəstəkləyəcək. Ancaq Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin soyumasından və Moskvanın regionda gedən proseslərə loyal münasibətindən yararlandı və Ermənistana qarşı hərbi əməliyyatlarda uğur qazandı. Yəni ola bilər ki, Abxaziya ilə bağlı da oxşar bir proses getsin. Mümkündür ki, Qərb kəşfiyyat qurumları regionda Rusiyaya qarşı yeni bir gərginlik ocağının yaradılması üçün bu separatçı qurumdan istifadə etsinlər. Düzdü, kiçik bir ərazidir, elə bir qüvvəsi də yoxdur. Lakin yenə də ola bilər ki, Qərb Rusiyanın birbaşa yaxınlığında olan həmin əraziyə gəlmək, orada hərbi bazasını yaratmaq üçün  və s. bu cür prosesləri başlatsın. Çünki ortada başqa bir məntiq yoxdur – balaca bir Abxaziya ortada dayanıb Rusiyaya qarşı nə edə bilər ki?.. Və hazırkı etirazlar da onları təşkil edənlərin Gürcüstanın tərkibinə qayıtmaq istəməməsinin göstəricisidir.  Belə təsəvür yaradırlar ki, Gürcüstana Rusiya dəstək verir və Gürcüstan Abxaziya ilə bağlı müəyyən planlar qurur. Təxminən belə ehtimallar söyləmək mümkündür... 
 
Digər tərəfdən isə bu, Gürcüstanı Qərbdən tamam uzaqlaşdırmaq və öz təsir dairəsinə qaytarmaq üçün Rusiyanın da öz ssenarisi də ola bilər. Öz təxribatçıları vasitəsilə Abxaziyada bilərəkdən Rusiyaya qarşı əhval-ruhiyyə yaradır, ortalığa sərt mövqe qoyulur və buna cavab olaraq həmin qurumu müdafiə  etməkdən geri çəkilir.  Və bununla da Gürcüstan rəhbərliyinə şərait yaradır ki, o, hansısa bir yolla, hərbi müdaxilə ilə, güc tətbiqi ilə də Abxaziya ərazisini öz nəzarətinə qaytarsın. Belə bir variant da mümkündür ki, əgər Abxaziya Rusiyanın himayəsi olmadan Gürcüstan qarşısında qalarsa, onsuz da bu halda təslim olmaqdan başqa yolları qalmayacaq. Qərb də həmişəki kimi Abxaziyanı müdafiə etmək üçün ciddi addım atmayacaq. Qərbdən hələ indiyədək heç kəs ciddi dəstək görməyib. 2008-ci ildə də Gürcüstan da Qərbin vədlərinə aldanaraq Rusiya ilə üzbəüz qalıb ərazilərini, o cümlədən Abxaziyanı itirdi. Və hazırda Abxaziya Gürcüstanın hərəkətlərini təkrar edir. Qərbə arxayın olaraq Rusiyaya və eyni zamanda Gürcüstana qarşı çıxır.  Və Qərbin onları müdafiə edib etməyəcəyi çox böyük sual altındadır. Yəni təxminən belə bir ssenari mümkündür: bir müddətdən sonra Gürcüstanla Abxaziya arasındakı qarşıdurma hərbi müstəviyə keçə bilər və Abxaziyadakı anti-Rusiya mövqeyinə görə Moskva həmin qondarma qurumu müdafiə etməkdən çəkinir, nəticədə də Gürcüstan Abxaziya ilə yanaşı, Cənubi Osetiya ilə bağlı da problemləri həll edob ərazi bütövlüyünü bərpa edəcək.  Amma, təbii ki, hər bir ssenari, hər bir proqnoz qüsurludur; o yerinə də yetə bilər, bilməyə də... Və hadisələrin gedişi istənilən vaxt başqa istiqamətə yönələ bilər...”
  
Sultan Laçın
Seçilən
25
moderator.az

1Mənbələr