Dünən iqlim hədəflərinin dəstəklənməsi məqsədilə COP tarixində ilk dəfə keçirilən Maliyyə, Sərmayə və Ticarət Tematik Günündə iqlim maliyyəsi, sərmayə və ticarət üzrə Bakı Dialoqu Təşəbbüsünə (BICFIT Dialoqu) start verilib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, COP29 Sədrliyinin əsas təşəbbüslərindən biri olan bu addımın BMT-nin Ticarət və İnkişaf Təşkilatının, adıçəkilən qurumun İnkişaf Proqramının, Ümumdünya Ticarət Təşkilatı və Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlıqda reallaşdırılması nəzərdə tutulur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının müvafiq sədrlikləri, müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları, vətəndaş cəmiyyəti təşkilatları, qlobal beyin mərkəzləri və akademik institutlar bu təşəbbüsə öz töhfələrini və dəstəklərini verirlər.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına və Paris İqlim Sazişinə dəstək olaraq irəli sürülən bu təşəbbüs qlobal iqlim, inkişaf və ticarət tərəfdaşlarının, eləcə də digər maraqlı tərəflərin iştirakı ilə maliyyə, sərmayə, ticarət və dayanıqlı inkişaf arasında əlaqəni artırmaq üçün innovativ, hərtərəfli dialoq və tərəfdaşlıq platforması yaratmaq məqsədi daşıyır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bu təşəbbüsün inkişaf etməkdə olan ölkələrə münasibətdə ticarət yönümlü iqlim siyasətinin təşviqi baxımından önəmini vurğulayıb. Nazir Bakı Dialoqu Təşəbbüsünün iqlim maliyyəsi və ticarət üzrə bacarıqların artırılması istiqamətində birgə fəaliyyət və birbaşa xarici investisiyaların cəlbi üçün səmərəli dialoq olacağına əminliyini bildirib. Qeyd olunub ki, yeni təşəbbüs qlobal yaşıl və ədalətli keçidi gücləndirmək məqsədilə beynəlxalq səylər üçün uğurlu institusional tərəfdaşlığın inkişafına təkan verəcək. Tədbirdə kiçik və orta müəssisələrin yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası Bəyannaməsinin tərəflərin qoşulması üçün açıq olduğu elan edilib.
Tədbirdə, həmçinin BMT-nin Ticarət və İnkişaf Təşkilatının baş katibi Rebeka Qrinspan və BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayner aparıcı tərəfdaşlar kimi açılış nitqi ilə çıxış ediblər. Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston və “Aya Coalition” qurumunun həmtəsisçisi Patrisiya Ellen da Silvanın moderatorluğu ilə keçirilən tədbirdə Ümumdünya Ticarət Təşkilatı baş direktoru Nqozi Okonyo-İveala, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton və Beynəlxalq Maliyyə Korporasiyasının idarəedici direktoru Maxtar Diopun çıxışları dinlənilib.
Sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə iqlim maliyyəsi, investisiya və ticarət siyasətlərini formalaşdırmaq, iqlim məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim fəaliyyətini davamlı inkişafla uyğunlaşdıracaq innovativ yanaşmalar müzakirə edilib. Tədbirdə Mərakeşin, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Braziliyanın, Avstraliyanın, Dominikan Respublikasının və digər ölkələrin nazirləri və digər yüksək vəzifəli nümayəndələri çıxış edərək bu təşəbbüsə dəstək bildiriblər.
COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bağlanış nitqi ilə çıxış edərək müzakirələrin məzmununun və təmsilçiliyin genişliyinin iqlim dəyişikliyinin həllinin inkişafı ilə paralel formada əlaqələndirilmiş, çoxsahəli və çoxtərəfli yanaşma tələb etdiyinin göstəricisi olduğunu bildirib, Bakı Dialoqu Təşəbbüsünün təqdim etdiyi qlobal innovativ platformanın əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, iqlim maliyyəsi, sərmayə və ticarət üzrə Bakı Dialoqu Təşəbbüsü kompleks yanaşmaların inkişafına dəstək olmaq, bilik mübadiləsinə şərait yaratmaq, iqlim sərmayələrini təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq. Məlumat və təcrübə mübadiləsinə, koordinasiyaya və digər tərəfdaşlıqlara imkan verəcək bu təşəbbüs, həm də iqlim fəaliyyəti ilə inkişaf məqsədlərinin daha münasib şəkildə uyğunlaşdırılmasını təmin edən konkret iqlim layihələrinin tərtib olunması, strukturlaşdırılması və hazırlanması üzrə proseslərə töhfə verəcək.
Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP prezidentləri tərəfindən iqlim maliyyəsi, sərmayə və ticarət üzrə Bakı Dialoqu Təşəbbüsü üzrə Birgə Bəyannamə qəbul edilib.