BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatıldığı məclisdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.
Görüşün ilk günündə açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova məclisdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd edib ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir. İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib. Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpaolunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
Tanzaniya Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti xanım Tulia Akson Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi etdiyini deyib, buna görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışı zamanı COP29-un əsas hədəflərindən söz açıb. O qeyd edib: “Biz istəyirik ki, COP29-da ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək”.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında COP29 çərçivəsində G20 liderlərinə müraciət edib. O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb. G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb.
Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva “COP29-da parlamentlərarası əməkdaşlığın təşviqi: Parlamentlərarası İttifaqın 150-ci Assambleyası və sonrakı dövr” mövzusunda çıxış edib. COP29-un ciddi önəm qazandığını söyləyən Tənzilə Narbayeva burada irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini deyib.
Açılış mərasimindən sonra Azərbaycan Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Daha sonra görüş işini sessiyalarla davam etdirib.
“Zəmin yaratmaq: iqlim dəyişikliyinin real təsirini anlamaq” adlı sessiyada çıxış edən BMT-nin Yerli Problemlər üzrə Daimi Forumunun (UNPFII) 23-cü sessiyasının sədri, Çadın Mbororo xalqının yerli sakini xanım Hindu Omarou İbrahim mənsub olduğu xalqdan, üzləşdikləri çətinliklərdən bəhs edərək deyib: “Bizim xalqımız yarımköçəri həyat sürür. İki milyona yaxın insan məcburi köçkün olub. Son altı aydakı istilər nəticəsində qoca və uşaqlar arasında ölənlər oldu. İstilər nəticəsində yaranmış quraqlıq çox faciəvidir”.
Albaniya parlamentinin sədri Elisa Spiropali hazırda dünyanın gözünün Azərbaycanda, COP29-da olduğunu söyləyib. Bildirib ki, burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq.
Tonqa Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua diqqətə çatdırıb ki, iqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək. “Sakit okeanda bəzi ada ölkələrinin adaptasiyası artıq çox gecdir. Növbəti 50-100 ildə 100 milyondan çox insan problemlərlə üzləşə bilər ".
Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə isə iqlimin mühafizəsinin aktual problemlərdən biri olduğunu vurğulayıb. Deyib ki, birgə mübarizə olmadan onların həlli mümkün deyil.
COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova iqlim maliyyəsi məsələsinin önəmini vurğulayıb.
"İqlim öhdəliklərinin reallaşdırılması: təsirlərin azaldılması üzrə ambisiyalarının artırılmasında və milli səviyyədə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsində parlamentlərin rolu", “Qlobal İqlim Maliyyəsi Arxitekturasını Aşmaq: Resursların hərəkətə gətirilməsi və iqlim maliyyəsinə girişin sadələşdirilməsi” və "İqlim dəyişiklikləri üzrə dayanıqlılığın artırılması: uyğunlaşmanın və yerli səlahiyyətlərin genişləndirilməsi" mövzularında da fikir mübadilələri aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 16-da Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycan və Tacikistan tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə parlamentlərin mühüm rolu vurğulanıb.
Mahmadtoir Zokirzoda iqlim sammitinin yüksəksəviyyəli təşkilinə görə təbriklərini çatdırıb, COP29-un və Parlament Görüşünün əhəmiyyətini qeyd edib.
XQ