AZ

Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlandı

Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yollarda 2024-cü ilin yanvar-oktyabr aylarında qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 11 nəfər vəfat edib, 5 nəfər isə müxtəlif xəsarətlər alıb.

"Unikal" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, hadisələrin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyi səbəbindən baş verib.

ADY bu cür halların qarşısını almaq məqsədilə həm maarifləndirici, həm də infrastruktur sahəsində tədbirlər həyata keçirir. Xüsusilə dəmiryol yaxınlığında yerləşən məktəblərdə şagirdlər, müəllimlər və valideynlərə təlimlər keçirilir. Onlar dəmir yolunda ehtiyatsızlıqlarına görə xəsarət almış insanların hekayələri ilə tanış edilir, relslərdən keçərkən ehtiyatlı olmağa, keçidlərdən istifadə etməyə və dəmir yolları ətrafında oyun oynamamağa çağırılır.

Həmçinin dəmir yolları ətrafında yaşayan sakinlərlə maarifləndirici söhbətlər edilir, uşaqları nəzarətsiz buraxmamaq tapşırılır.

ADY təhlükəsizliyin gücləndirilməsi üçün texnoloji yeniliklər tətbiq edir, mütəmadi olaraq yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanların sayını artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir.

Qeyd edək ki, dünyada dəmir yollarında baş verən qəzalarda hər il 7-10 min insan dünyasını dəyişir. Avropada ölüm hallarının ən yüksək olduğu ölkələr Almaniya və Polşadır: ildə 100-120 ölüm.

BMT bu problemlərin aradan qaldırılması məqsədilə 2021–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Planında yol qəzalarının 50 faiz azaldılmasını hədəfləyib. Bu, yalnız hökumətlərin deyil, eyni zamanda, fərdlərin üzərinə ciddi məsuliyyət qoyur. Azərbaycanda da dünya təcrübəsi tətbiq edilərək bu kimi neqativ halların qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Seçilən
49
50
unikal.az

10Mənbələr