AZ

Estoniya ilə oyuna sözardı

Azərbaycan yığmasının ifasında növbəti uğursuz oyuna şahidlik etdik. Qəbələdə Estoniyanın müqavimətini qıra bilməyən komandamızın Millətlər Liqasının C liqasındakı gələcək taleyi sual altında düşdü.

90 dəqiqə ərzində dişsiz oynayan millimiz rəqib qapısına yol tapa bilmədi. Müdafiədə etibarlı oynayan estonlar Azərbaycandan lazımlı nəticə ilə döndülər. Fernandu Santuşun komandası isə növbəti dəfə tənqidi haqq edir. Liqada keçirilən ilk 4 oyunda uğursuzluğa düçar olan yığma bu dəfə də heç nə ilə yadda qalmadı.

Portuqaliyalı mütəxəssisin heyətlə bağlı seçimləri isə birmənalı qarşılana bilməz. Ötən oyunlarda qapını Mehdi Cənnətova tapşıran portuqaliyalı bu dəfə ümumiyyətlə, ondan imtina etdi. "Neftçi"yə döndüksən sonra ötən günlərini çıraqla axtaran Ramil Şeydayev mövsümün ən zəiflərdən biri olsa da, əsas heyətdə idi. "Çatdıra bilməyən" futbolçunun 90 dəqiqə meydanda qalmasına heç cür izah tapmaq mümkün deyil. Sol cinahda bütün mübarizələri uduzan və qeyri-dəqiq ötürmələri ilə "fərqlənən" Ramil isə günündə deyildi. Düzdür, Santuşun zədəli Renat Dadaşov və qırmızı vərəqə cəzası olan Mahir Emrelinin yoxluğunda Şeydayevə ümid bağlaması da başadüşülən idi, amma...

Son bir ayda cəmi 75 dəqiqə meydanda olan Musa Qurbanlı da Ramildən geri qalmırdı. Azərbaycan çempionatının son turunda Avropa oyunundan sonra rotasiyaya gedən Qurban Qurbanlının oğluna şans verməsi sanki Musanı Santuşa xatırlatmışdı. "Zirə" ilə qarşılaşmada futboldan küsmüş halı ilə diqqətçəkən və 4:0 hesablı qələbədə heç bir rol oynamayan Qurbanlının Estoniya ilə görüşdə millinin xilaskarı olacağına ümid etmək sadəlövhlük idi. Bu siyahıya Toral Bayramovu, Ozan Can Kökçünü, Aleksey İsayevi, Abbas Hüseynovu da əlavə etmək olar...

Ümumiyyətlə start heyətindəki oyunçulara diqqət yetirsək, yalnız qapıçı Rza Cəfərli (Neftçi) və müdafiəçi Rahil Məmmədov ("Radomyak") klublarda sabit çıxışla diqqəti çəkirlər. Estoniya ilə oyunun ən yaxşılardan Coşqun Diniyev belə Türkiyə 1-ci Liqasında 60-70 dəqiqə meydanda qala bilir. Toral Bayramov, Emin Cəfərquliyev, Abbas Hüseynov isə daima "Qarabağ"ın məşqçi heyətinin rotasiyalarının qurbanı olurlar ki, onları meydanda sabit görmək mümkün deyil. Yığmada əsas çatışmayan cəhətlərdən birinin məhz futbolçuların öz klublarında oynamaması və ya nadir hallarda şans qazanmasıdır. Estoniya bizə uyğun rəqib olduğunu və rəqibə 1 xal kifayət etdiyi üçün oyunda nəzərə çarpan üstünlük əldə edə bilsək də, hücumların uğurlu yekunu ilə bağlı problemlər öz həllini Santuşla da tapmayıb.

Estoniya yığmasının illərdir atletik futbola üstünlük verdiyi hamıya bəllidir. Bəs, niyə futbolçularımız belə rəqiblə oyunda daha çox hava ötürmələri ilə rəqib qapısına yol tapmağa çalışırdı. Görünür, ya məşqçi heyəti rəqibi ətraflə təhlil etməyib, ya futbolçular verilən tapşırıqları yerinə yetirmək gücündə deyillər. Digər məsələ fiziki hazırlıqla bağlıdır. 90 dəqiqə topa nəzarət edib, rəqibi təzyiq altında saxlamaq asan deyil. Nəticədə yığma son yaxın ümidini hava toplarına bağladı ki, bu rəqibin ən arzuladığı variant idi.
Dünən U-19 yığmamız İrlandiyaya 0:4 (ilk oyunda İslandiyaya 0:2), U-17 isə Yunanıstana 0:3 (ilk oyunda Macarıstana 0:4) hesabları ilə uduzub. Meydana çıxan 3 komandamızın 1 qol verə bilməməsi gələcəyə hansı ümid verə bilər? Aşağı yaş milliləri qrupda son oyunlar gözləyir, ölkənin əsas heyəti isə İsveçdə meydana çıxacaq. Bütün bunları nəzərə alsaq, Azərbaycan futbolunun ili bədbin notda bitirəcəyi gün kimi aydındır.

AFFA hələ də "Double Pass" və "McKinsey & Company" şirkətlərindən Azərbaycan futbolunun gələcəyini müəyyənləşdirəcək strategiyanı gözləyir. Aylar keçsə də, yazılıb bitməyən layihənin nə zaman təsdiq olunub start götürəcəyi və neçə ildən sonra effekt verəcəyi böyük sual doğurur. Amma aprelin 2-də fəaliyyətə start verən assosiasiyanın yeni rəhbəri Rövşən Nəcəf və komandasının ölkə futbolunun dərdinə çarə tapa biləcəyinə şübhələr artıb. Azərbaycan futbolu isə hər gün bir addım daha geriyə gedir.

İdman.biz

Seçilən
7
1
day.az

2Mənbələr