AZ

COP29-da iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylərdən danışılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü işini sessiyalarla davam etdirir.

"Operativ Media" xəbər verir ki, Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən "İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər" mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Ərzaq və qida çatışmazlığına səbəb olan, kənd təsərrüfatında və balıqçılıq sektorunda itkilərə gətirib çıxaran halların azaldılması strategiyaları haqqında danışılıb.

Tədbirdə çıxış edən Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin direktoru Martin Frik, Uruqvay Senatının üzvü xanım İren Moreyra və Milli Məclisin deputatı Pərvanə Vəliyeva iqlim dəyişikliyinin qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildiriblər. Qeyd edilib ki, onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir.

Çıxışçılar, həmçinin dəyişən iqlim şəraitinin ərzaq istehsalı sistemlərinə də təsir göstərərək məhsuldarlığı azaltdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, quraqlıq, daşqın və torpaqların şoranlaşması kimi hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı salır. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.

Tədbirdə diqqətə çatdırıb ki, iqlim dəyişikliyinin sağlamlıq və ərzaq təhlükəsizliyinə təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə koordinasiyalı səylər vacibdir. Bu problemin həlli yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin, bizneslərin və qeyri-hökumət təşkilatlarının birgə səylərini tələb edir. Vurğulanıb ki, dayanıqlı gələcək üçün səmərəli addımların atılması insanların rifahını və ərzaq təhlükəsizliyini təmin etməyə kömək göstərər.

Seçilən
8
3
operativmedia.az

4Mənbələr