AZ

Bakıda iqlim dəyişikliyi səbəbindən yaranan məcburi köçkünlük məsələsi müzakirə edilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə "İnsan mobilliyi və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbindən miqrasiya və məcburi köçkünlüyün həlli" adlı sessiya keçirilib.

"Report" xəbər verir ki, bu sessiyada artan iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük məsələlərinə toxunulub.

Parlamentlərin məcburi köçkünlər və miqrantların müdafiəsini təmin etmək strategiyalarının təşviqi imkanları müzakirə edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisinin Ofisinin baş siyasətçisi Mişel Yonetani deyib ki, iqlim dəyişikliyi həssas insanlara mənfi təsir edir:

"Hər bir icma təsirə məruz qalır. Hazırda 100 milyondan çox insan məcburi köçkündür. Buraya münaqişələr səbəbindən evlərindən köçənlər, həm də iqlim dəyişikliyindən əziyyət çəkənlər daxildir. İnsanlar məcbur qalıb evlərindən uzaq düşürlər".

Onun sözlərinə görə, parlamentarilər belə şəxslərin səsini eşidərək tədbirlər görməlidir.

"Refugees İnternational"ın rəsmisi Ayoo Hellen qeyd edib ki, iqlim fəlakəti realdır və yoxsul insanlara daha çox təsir edir:

"İqlim dəyişikliyinə görə didərgin düşməsi gözlənilən çoxlu insanlar var. Hər il iqlim problemlərini müzakirə edirik, amma tədbir yoxdur. Müzakirələr hələ də davam edir. Bu fəlakətlər baş verir. Artıq sözdən əmələ keçməliyik. Biz müzakirə etdikcə fəlakət daha çox yaxınlaşır".

Tailand Nümayəndələr Palatasının üzvü Saniban Buaban isə deyib ki, iqlim problemindən ən çox əziyyət çəkən həm də fermerlərdir:
"Daşqınların artması, quraqlıq kənd təsərrüfatına çox ciddi təsir göstərir. Bu səbəbdən fermerlər şəhərlərə köçür və məcburi urbanizasiya baş verir. Tailandın şimal və cənubunda iqlim fəlakətləri tez-tez baş verir. Burada bir çox hallarda infrastruktur dağılır və orada yaşayan insanlar köçmək məcburiyyətində qalır. Əhalimizin 30 %-i riskli ərazilərdə yaşayır".

Sonda sual-cavab sessiyası baş tutub.

Foto: Vüqar Xanlarov

Seçilən
13
6
far.az

7Mənbələr