AZ

Azərbaycanın ev sahibliyi ilə yeni COP dövrü başlayır

Azərbaycanın ev sahibliyi ilə faktiki  yeni COP erası başlayır. Bakı COP həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platformadır. COP29-da aparılan müzakirələrdən aydın olur ki, inkişaf etmiş dövlətlərdən daha çox gözləntilər var. Çünki dünyada çirklənmənin 90 faizi məhz bu ölkələrin payına düşür. Xüsusilə

G20 ölkələri bu prosesə əhəmiyyətli dərəcədə töhfə verə bilər.
Görünən budur ki, bu vaxta qədərki fəaliyyət sadəcə imitasiya idi. Hər kəs yaşıl bayraqlar altında pərdələnir, guya iqlim dəyişikliyi ilə mübarizə aparırdı. Amma Bakı COP məsələyə real yanaşma nümunəsi ortaya qoydu. COP29-un açılış mərasimində Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə əsl reallıqlardan danışdı. Qarşıda duran hədəfləri aydın şəkildə təhlil etdi. Cənab Prezident ölkəmizin COP29-un ev sahibi kimi prioritetlərini bir daha beynəlxalq iqcitmaiyyətin diqqətinə çatdırdı.

Aydındır ki, neft-qaz sənayesindən dərhal əl çəkmək mümkün görünmür. Yaşıl enerji hazırda neft və qazı tam əvəz etmək gücündə deyil. Ona görə də burada balans yaratmaq, ətraf mühiti mühafizə etməyin yolları tapılmalıdır. Dünyanı daha çox çirkləndirən ölkələrin “yaşıl enerji”dən danışması ilə məsələ həllini tapmır, iqlim problemləri həll olunmur. Konkret əmələ keçmək lazımdır. Azərbaycan neft-qaz ölkəsi olsa da çirkləndirmədə payı azdır, amma bununla belə ən real məsələləri elə ölkəmiz qaldırır. Dövlət başçımızın da söylədiyi kimi, “yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Azərbaycan həm də Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Prezident İlham Əliyev COP29-da, həm də açıq danışmağın əsasını qoydu.

COP29-un təşkilatçılığı da yükəsk səviyyədədir. Dünyanın nüfuzlu liderləri, iqlim mütəxəssisləri Bakıya toplaşıb. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması COP29-da demək olar ki, bütün dünyanın toplaşdığını deməyə əsas verir.
COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Artıq 9 il əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan ən böyük gözləntilərdən biri də budur.
Bakı COP-da beynəlxalq maliyyə korporasiyaları da öz maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bu da yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da müzakirələr üçün yaxşı mühit yaradır.

Azərbaycanın Yaşıl gündəliyi də COP29 iştirakçılarının diqqətinə çatdırıldı. Dövlət başçımız da bildirdi ki, bərpaolunan enerjidə ölkəmizin texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş isə əlavə imkanlar yaradır.

COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədilə razılaşmalar da əldə olundu. Bu anlaşmalar xüsusilə kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək. Eyni zamanda karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək.

İştirakçılar COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirir.  Hər kəs Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümid edir.

Nigar Məmmədova,

Milli Məclisin deputatı

Seçilən
8
1
ikisahil.az

2Mənbələr