Alimlər müasir texnologiyaların köməyi ilə “qızıl oğlan” adlandırdıqları 2300 yaşlı Misir mumiyasının üzünü yaradıblar.
Azpost.info bildirir ki, qədim misirli olan bu yeniyetmənin xarici görünüşü kompüter tomoqrafiyası, eləcə də digər üsullarla bərpa edilib.
Elm adamları bildiriblər ki, misirşünaslar arasında “qızıl oğlan” kimi tanınan və üzü yaradılan bu sirli mumiya təxminən 2300 il əvvəl Yuxarı Misirdə yaşamış, həmçinin amuletlərlə, eləcə də üzündə qızıl maska ilə zəngin mərasimlə dəfn edilmiş dövrün varlı bir ailəsinin üzvü olan yeniyetmədir. Alimlərin təxmininə görə mərhum öləndə 14-15 yaş olub və onun vəfatı səbəbi heç cür müəyyən edilməyib.
“Qızıl oğlan” mumiyası XX əsrin əvvəlləri, 1916-cı ildə Edfuda tapılıb. Tədqiqatçılar bildiriblər ki, bu mumiyanın tarixi Misirin Makedoniya sülaləsinin tərəfindən idarə edildiyi Ptolemey dövrünə, bizim eradan əvvəl 305-330 illərə aiddir. “Qızıl oğlan” 1916-cı ildən Qahirədə Misir Muzeyində saxlanılır.
Tədqiqatlar 2023-cü ildə həyata keçirilən CT taraması ilə başlayıb ki, bu da faktiki olaraq mumiyanın açılmasına və yenidən onun daxili strukturunun araşdırılmasına imkan yaradıb. Əldə olunmuş məlumatlar əsasında yeniyetmə oğlanın mumiyasının kəlləsi yenidən qurulub və daha sonra isə anatomik deformasiya üsulundan böyük ustalıqla istifadə edən braziliyalı qrafika mütəxəssisi, artıq bu sahədə püxtələşmiş
“Qızıl oğlan”-nın üzünün modelini Sisero Moraes hazırlayıb. Mütəxəssis bildirib ki, belə bir üsul ehtimal olunan üz cizgilərini təkrarlamaq üçün kəllənin strukturunu virtual görünüşə uyğunlaşdırmağa, daha oxşar görüntü yaratmağa imkan verir.
Alimlərin fikrincə, öz dövrünə görə, “qızıl oğlan”-nın təşkil olunmuş dəfni mərasimi çox dəbdəbəli keçib. Üstəlik də ölən şəxs varlı olduğundan zəngin yeniyetmə kimi “çox böyük var-dövlətlə ölülər diyarına köçüb”. Onun bədənində qızıl maskadan əlavə qızıldan və kvarsdan, həmçinin öz dəyərinə görə qiymətli sayılan daşlardan, eləcə də xüsusi olaraq vəfat etmiş oğlan üçün bişmiş gildən hazırlanmış 49 ədəd amuletdən başqa digər zinət əşyaları da olub. var idi. Bütün bu qiymətli əşyaların isə hər birinin öz mənası, məqsədi var idi: ağızdakı amulet yeniyetmənin axirətdəki həyatında ona sərbəst danışmağa imkan vermək üçün nəzərdə tutulmuşdu, digər, cinsiyyət orqanlarının yanındakı amulet isə mumiyanın balzamlanmış kəsik yerini qoruyurdu. Qalan əşyalar isə qorunmanı simvollaşdırır, yaxud da Misir ilahəsi İsisin lütfünü çağırırdı.
Mumiyanın cəsədi diqqətlə hazırlanıb və ürəklə beyin istisna olmaqla, digər daxili orqanların hamısı çıxarılıb, onların yerinə isə qatran, kətan kimi bahalı materiallar qoyulub. Yeniyetmə ağacdan hazırlanmış iki sarkofaqda yerləşdirilib. Həmçinin bu sarkofaqın xarici hissəsi yunan yazıları ilə bəzədilib, sarkofaqın içərisində isə rəngli rəsmlər və üz təsviri var.
Braziliyalı mütəxəssis Sisero Moraes qeyd edib ki, belə müasir rekonstruksiyalardan cinayət qurbanlarının müəyyən edilməsi üçün artıq məhkəmə-tibb elmi sahəsində də istifadə olunub və əldə olunan bir çox nəticələr onların etibarlılığını təsdiqləyir. Moraes deyib: “Bununla belə, texnikanın da öz məhdudiyyətləri var, buna görə də bəzi kiçik xüsusiyyətlər fərqli ola bilər.”.
Alimlər bildiriblər ki, yeni tədqiqat təkcə Ptolemey dövründə yaşamış bir insanın xarici görünüşünə nəzər salmaqla bitmir, həm də qədim Misir ritualları barədə yeni fikirlər təqdim edir.
Oqtay Qorçu