Olaylar xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabat təqdim olunub.
Dünya Bankının və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarla müzakirələrdə iştirak ediblər.
Tədbirin sonunda, "Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə" qəbul edilib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.