AZ

Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...


“O hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı...”
 
“Əlbəttə, biz hələlik sərhədlərimizi və hüquqi müstəqilliyimizi sovet Azərbaycanı çərçivəsində bərpa etdik. Amma inanırıq ki, gec-tez o taylı-bu taylı Bütöv Azərbaycanın da bərpasının zamanı gələcək. O günlərin də cəsur, fədakar oğul-qızları meydanlara çıxacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında “Necə hesab edirsiz, Meydan Hərəkatından keçən son 36 il müddətində o zaman üçün ən azı səkkizdə birinin toplandığı Azərbaycan xalqı  ürəyindən keçənlərin hamısına nail oldumu? Başqa sözlə, biz milli baxımdan tam dirçələ bildikmi?” sualını cavablandırarkən Meydan hərəkatının başlanmasından, Milli Dirçəliş Günündən danışan həmin vaxt ilk mitinqlərin əsas təşkilatçısı olan Ənvər Əliyev söyləyib.
 
“Bir də biz istəyərdik ki, Milli Dirçəliş Gününü, Meydan hərəkatının ildönümlərini təntənə ilə, geniş zallarda meydanlarda qeyd edək... O günləri anmaq üçün yenidən o hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı”, - deyə davamında həmsöhbətimiz bildirib. 
 
"Düzdü, bütün problemlərə baxmayaraq bizlər, Azərbaycan xalqı yenə naümid deyil. Lakin təəssüf ki, bir sıra iqtisadi-sosial problemlər ucbatından orta və yaşlı nəsil nümayəndələri arasında daha çox sovet dövrü ilə bağlı nostalji hissləri yaranıb. Belələri dilimiz, dinimiz ayrı olan millətin vaxtilə bizə “bəxş etdiyi” “xoşbəxt” imperiya dövranından ağız dolusu danışırlar. Və nə yazıqlar ki, biz bu müstəqillik illəri boyu iqtisadiyyatımızı, xüsusən sənaye istehsalı müəssisələrini və kənd təsərrüfatını  Baltikyanı ölkələr kimi qura bilmədik. Və buna görə də tarixən böyük yeraltı, yerüstü sərvətləri olan bir ölkənin əhalisinin xeyli hissəsi ağır sosial durumda yaşayır... Təsəvvür edin ki, hələ qədim dövrlərdə Strabon kimi tarixçilərin bol üzümlüklərindən yazdığı tarixi Albaniya ərazisinin sakinlərinin çoxu bu gün üzüm alıb yeməyə pul tapmır, bizə üzümü Afrikadan gətirirlər... Heyvandarlığın inkişafı üçün kifayət qədər şərait olduğu halda neçə minlərlə ailə var ki, aylarla nəinki quzu əti, heç mal əti  də yeyə bilmirlər. Əvəzində Hindistandan ucuz camış əti gətirib kolbasa emal edirik... İctimai-siyasi həyatımızda çox qüsurlar var. Milli təfəkkür konsepsiyamız yoxdur... Ancaq biz gələcəyə yenə də böyük ümidlərlə baxırıq...”,- deyə hərəkatçı lider diqqətə çatdırıb.
 
Sultan Laçın
 

Seçilən
13
2
nuh.az

3Mənbələr