Braziliyanın birinci xanımı Janja Lula da Silva G20 zirvə görüşü ərəfəsində təşkil edilən ictimai tədbirdə milyarder İlon Maska açıq şəkildə meydan oxuyub. Növbəti həftə ölkə bu nüfuzlu sammitə ev sahibliyi edəcək.
Çıxışı zamanı gəmi siqnalının səsi birinci xanımın danışığını kəsib. Buna cavab olaraq o, "Bu, İlon Maskdır" deyib və əlavə edib: "Səndən qorxmuram, İlon Mask, get öz işinlə məşğul ol!"
Mask bu hadisəyə X sosial şəbəkəsində gülüş emojiləri ilə reaksiya verib və belə şərh yazıb: "Onlar növbəti seçkilərdə məğlub olacaqlar."
Bu hadisə sosial media platformalarında dezinformasiyanın yayılması ilə bağlı davam edən müzakirələri bir daha gündəmə gətirib. Braziliya prezidenti Luis İnasio Lula da Silva Maskın platformasını bu məsələdəki siyasətinə görə tənqid edərək deyib: "Biz heç bir platformanın demokratiyamızı və vətəndaşlarımızın hüquqlarını pozmasına icazə verə bilmərik."
Birinci xanımın açıqlamaları Braziliyada müxalifət, o cümlədən keçmiş prezident Jair Bolsonaru tərəfindən kəskin tənqid olunub. Bolsonaru qeyd edib ki, onun bu ifadələri hazırkı administrasiya üçün diplomatik problemlərə səbəb ola bilər.
Oktyabr ayında Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraes X sosial media platformasının fəaliyyətinin bir aydan çox qadağadan sonra bərpa edilməsinə icazə verib.