AZ

2040-cı ilə qədər Bakının bir neçə mərkəzi olacaq

"Bakı şəhərinin Baş planı 2023-cü ilin sonunda tərtib edilib. Həmin Baş planda bir çox mühüm prinsiplər nəzərdə tutulub. Bu prinsiplərdən biri çoxmərkəzlilik sisteminin yaradılmasıdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakı şəhərinin 2040-cı ilədək olan Baş planı haqqında danışarkən deyib:

"Hazırda Bakı monoşəhərdir. İdeya ondan ibarətdir ki, 2040-cı ilə qədər Bakının bir neçə mərkəzi olsun və bu mərkəzlər bir-biri ilə "Yaşıl koridor" vasitəsiylə bağlansın.

"Yaşıl koridor"ların ekoloji cəhətdən çox böyük əhəmiyyəti var. COP29-da buna çox böyük əhəmiyyət verilir. Koridorlar həm şəhər daxilində, həm də şəhərdən kənarda olacaq. Həmin dəhlizlərin daxilində parklar və yaşıl nəqliyyat növləri istifadə ediləcək".

Read Qasımov onu da deyib ki, prinsiplərdən biri də mədəni irsin qorunmasıdır: "Ümumiyyətlə, yeni şəhər iqtisadiyyatının yaradılması fikirlərimiz arasındadır. Bu həm yaşıl nəqliyyat növündən və sahibkarlıq növündən asılı ola bilər. 2040-cı ilə qədər şəhərimiz məhz bu tərzdə inkişaf edəcək. Şəhərin dayanıqlığını təmin etmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq Baş planda dəyişikliklər ola bilər. Xətai və Nəsimi rayonları ərazilərində müvafiq işlərin ilkin mərhələdə aparılması tətbiq edilir.

Yaxın zamanlarda yeni parkların və yaşıl zonaların yaradılmasına başlanılacaq. Bu da Bakıda ekoloji tarazılğın və ekoloji vəziyyətin daha da yaxşı olmasına gətirib çıxaracaq".


Müəllif: Teleqraf.com
Seçilən
18
7
teleqraf.com

9Mənbələr