AZ

Vitse-prezident: "AİİB Azərbaycanda bir neçə günəş və külək enerjisi sahəsində bir neçə layihəni maliyyələşdirməyə hazırlaşır" - MÜSAHİBƏ

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) bütün regionda dayanıqlı layihələrin maliyyələşdirilməsində əsas oyunçuya çevrilib. Bank təsis edildiyi 2016-cı ildən etibarən infrastruktur, o cümlədən nəqliyyat, energetika, su təchizatı və telekommunikasiya sahələrinin inkişafının dəstəklənməsinə milyardlarla dollar sərmayə qoyub.

AİİB-in II region investisiya müştəriləri və layihələrin maliyyələşdirməsi üzrə vitse-prezidenti Konstantin Limitovski “Report”a eksklüziv müsahibəsində bankın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığının əsas istiqamətləri, iqlim maliyyələşdirilməsi və davamlı inkişaf məqsədlərinə nail olmaqda infrastruktur layihələrinin rolu barədə danışıb.

-Asiya İnfrastruktur İnvestisiya Bankının regionda infrastrukturun inkişafındakı rolunu və bankın iştirakçı ölkələrlə əməkdaşlıq məqsədlərini qısaca təsvir edə bilərsinizmi?

-Asiyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir trilyon dollarlarladır. AİİB 57 ölkə tərəfindən bütün region üzrə dayanıqlı infrastrukturun maliyyələşdirilməsində əsas oyunçu olmaq, bu kəsiri azaltmaq və eyni zamanda iqtisadi artımı stimullaşdırmaq məqsədilə yaradılıb.

AİİB-in kapitalı 100 milyard ABŞ dolları təşkil edir və biz artıq təxminən 55 milyard ABŞ dolları dəyərində layihələri maliyyələşdirmişik ki, bunun da 45 milyard ABŞ dolları nəqliyyat, energetika, telekommunikasiya və su təchizatı kimi sahələrdə infrastruktur layihələrinə yönəldilib. Bu, dayanıqlı infrastruktura sadiqliyimizi nümayiş etdirir.

AİİB-in layihələri Paris Sazişinə və Davamlı İnkişaf Məqsədlərinə uyğun olmaqla ekoloji və iqlim təşəbbüslərinə hədəflənib. Keçən ildən etibarən iqlim layihələrinə ayırdığımız vəsaitin payı 60 %-i ötüb və biz bu rəqəmi ən azı 50 % səviyyəsində saxlamağı planlaşdırırıq.

Bank fəaliyyətə başladığı vaxtdan Mərkəzi Asiya və Qafqaza sərmayə qoyub, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Qafqaz ölkələrində 5,5 milyard ABŞ dollarından çox məbləğdə layihələri təsdiqləyib. Bundan başqa, biz bu regionda daha 4,5 milyard ABŞ dolları məbləğində layihələri maliyyələşdirməyi planlaşdırırıq.

-AİİB ilə Azərbaycan arasında yaxın illər üçün əməkdaşlığın hansı prioritet istiqamətlərini qeyd edə bilərsiniz? AİİB-in Azərbaycanda maliyyələşdirdiyi və ya maliyyələşdirməyi planlaşdırdığı ən əhəmiyyətli layihələr və onların ölkənin sosial-iqtisadi inkişafına töhfəsi barədə danışa bilərsinizmi?

-AİİB-Azərbaycan əməkdaşlığının əsası fəaliyyətimizin ilk ilində qoyulub, biz ölkənin davamlı və rəqabətqabiliyyətli artıma yönəlmiş "Azərbaycan 2030" strategiyasında müəyyən edilmiş inkişaf məqsədlərini dəstəkləyirik. İqtisadi şaxələndirmə və uzunmüddətli dayanıqlılığa töhfə verən nəqliyyat, energetika və şəhərlərin inkişafı birgə işin prioritetlərini təşkil edir.

Tərəfdaşlığımız çərçivəsində ən önəmli layihə 2016-cı ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi olub, bu, bankın ilk layihələrindəndir. TANAP regionda enerji təhlükəsizliyini gücləndirməklə 2022-ci ilin enerji böhranı zamanı Türkiyə və Avropaya kömək etdi. AİİB energetika istiqamətini inkişaf etdirərək Azərbaycanda “yaşıl keçid”ə töhfə verir. Belə ki, COP29 çərçivəsində AİİB Biləsuvarda (445 MVt gücündə "Bilasuvar Solar SPV" günəş elektrik stansiyası) və Neftçalada (315 MVt gücündə "Banka Solar" günəş fotoelektrik stansiyası) 760 meqavat gücündə günəş enerjisi layihəsinin maliyyələşdirilməsinə dair saziş imzalayıb. Bu layihəyə 160 milyon ABŞ dolları sərmayə qoyulacaq. Layihə bərpa olunan enerji istehsalının artmasına və regionda karbon emissiyalarının azaldılmasına töhfə verəcək.

AİİB həmçinin Azərbaycanda günəş və külək enerjisi sahəsində daha bir neçə layihəni maliyyələşdirməyə hazırlaşır. Biz Azərbaycan hökuməti, digər çoxtərəfli inkişaf bankları və özəl tərəfdaş şirkətlərlə infrastrukturun inkişafının əsas sahələri olan sərhədyanı nəqliyyat, şəhərlərin inkişafı, bərpa olunan enerji, elektrik enerjisinin nəqli və digər layihələr çərçivəsində daha sıx əməkdaşlığa can atırıq.

-İqlim maliyyələşdirməsi AİİB-in fəaliyyətində hansı rol oynayır və bank regionda “yaşıl iqtisadiyyat”a keçidi necə dəstəkləyir?

-İqlim maliyyələşdirməsi AİİB-in missiyasının əsasını təşkil edir, biz xüsusilə bütün Asiyada və onun hüdudlarından kənarda “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləməyə sadiqik. Mərkəzi Asiya və Cənubi Qafqazdakı layihələrimiz bu öhdəliyi əks etdirir. Biz Qazaxıstanda külək enerjisi, Tacikistanda su enerjisi layihələrini maliyyələşdirir, Özbəkistanda isə Yaxın Şərqdən olan tərəfdaşlarımızla birlikdə regionda ən böyük günəş enerjisi layihələri portfelini həyata keçiririk.

İqlim strategiyalarının sürətli və səmərəli həyata keçirilməsi üçün hökumətlərin rolunu, eləcə də islahatların və siyasi şərtlərin vacibliyini qəbul edərək bu il AİİB iqlim siyasətinə yönəlmiş maliyyələşdirmə pəncərəsi açıb. Bu pəncərə iştirakçı ölkələrin iqlim investisiyalarının artırılmasına, özəl kapitalın cəlb edilməsinə və aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı iqtisadiyyata keçidi nəzərdə tutan siyasi dəyişikliklərin həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynayır.

Belə iqlimyönümlü yanaşma bizə fərdi xidmətlər göstərməyə və ya əlavə resursların cəlb edilməsi üçün inkişaf bankları ilə əməkdaşlıq etməyə imkan verir. Bu təşəbbüslər uzunmüddətli tərəfdaşlıqlarımızı gücləndirir və su təchizatı, şəhərlərin inkişafı və bərpa olunan enerji sahələrində iqtisadi cəhətdən davamlı və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış layihələrə yönəlmiş "gələcəyin infrastrukturu" strategiyasının həyata keçirilməsinə töhfə verir.

AİİB-in məqsədi 2030-cu ilə qədər 50 milyard ABŞ dolları məbləğində iqlim layihələrinin maliyyələşdirilməsini təsdiq etmək və bununla da davamlı inkişafa sadiqliyimizi gücləndirməkdir.

- AİİB layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində hansı davamlı inkişaf meyarlarını nəzərə alır və bank iştirakçı ölkələrdə davamlı inkişaf məqsədlərinə nail olmağa necə kömək edir?

-Bu, çox vacib sualdır. AİİB layihələrin qiymətləndirilməsində ciddi davamlı inkişaf standartlarının tərəfdarıdır, layihələr hər bir ölkənin yüksək ekoloji və sosial tələblərinə və davamlı inkişaf məqsədlərinə uyğun olmalıdır. Bu prinsipləri rəhbər tutaraq, AİİB məcburi ekoloji və sosial standartlar tətbiq edərək layihələrin bütün həyat dövrü ərzində riskləri idarə edir. Maliyyələşdirdiyimiz hər bir layihə OECD meyarları əsasında, o cümlədən relevantlıq, səmərəlilik, davamlılıq və uyğunluq baxımından hərtərəfli qiymətləndirilir.

AİİB-in “yaşıl infrastruktur” layihələrinin uzunmüddətli üstünlüklərinə davamlı şəhər inkişafı, su təchizatının yaxşılaşdırılması və əlçatan enerjinin təmin edilməsi daxildir. Məsələn, Azərbaycandakı layihələrimiz təmiz enerji və davamlı icmalar sahəsində davamlı inkişaf məqsədlərinə nail olmağa kömək edir.

-AİİB regional inteqrasiya və infrastrukturun inkişafı sahəsində əməkdaşlığa necə töhfə verir və bu təşəbbüslər çərçivəsində hansı layihələr həyata keçirilir? Bank Orta Dəhliz boyunca infrastrukturun inkişafını dəstəkləyirmi və regional əməkdaşlıq infrastrukturun inkişafı sahəsində hansı çağırışlarla üzləşir?

-Artıq qeyd etdiyim kimi, AİİB sərhədyanı əlaqələri, ticarəti və iqtisadi artımı yaxşılaşdırmaqla regional inteqrasiyaya töhfə verən infrastruktur layihələrinə üstünlük verir. 2030-cu ilə qədər bank sərhədyanı əlaqələr sahəsində layihələrin bütün investisiya portfelinin 25-30 %-ni təşkil edəcəyini planlaşdırır ki, bu da regionda iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyimizi vurğulayır.

Azərbaycandakı TANAP layihəsi enerji əməkdaşlığı, təhlükəsizliyi və tranzitinin gücləndirilməsinin əla nümunəsidir. Asiyanı Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz bizim üçün vacib proqramdır. AİİB daşımaları daha səmərəli etmək üçün dəmir və avtomobil yolları, limanlar və logistika mərkəzləri də daxil olmaqla bu marşrut boyunca infrastrukturun genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır.

Bank məqsədli maliyyələşdirmə, texniki dəstək və regional dialoqu təşviq etmək üçün geniş spektrli tədbirlər təqdim etməklə iştirakçı ölkələrə infrastrukturlarını əlaqələndirməkdə və gücləndirməkdə, inteqrasiyanı yaxşılaşdırmaqda və investisiya həcmlərini artırmaqda kömək edir.

Seçilən
20
50
report.az

10Mənbələr