“COP 29” çərçivəsində aparılan müzakirələrdə Atom Elektrik Stansiyalarının (AES) yaradılması ön plana çıxıb.

Hətta Türkiyə 2050-ci ilə qədər 3 AES-in yaradılması barədə qərar qəbul edib. Azərbaycan da ölkə daxilində AES-in yaradılmasında maraqlıdır.

Bəs ölkənin enerji istehsalında AES-lərə yönəlməsi doğru addımdırmı?

İndex.az məsələ ilə bağlı Neft Araşdırmala Mərkəzinin rəhbəri, enerji üzrə ekspert İlham Şaban ilə əlaqə saxlayıb.

İndex.az-a danışan ekspert bildirdi ki, Azərbaycan artıq bir neçə ildir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edir:

“Bu əməkdaşlıq Azərbaycanın AES tikmək istədiyini göstərmir. Sadəcə, Azərbaycanın bir enerji ölkəsi kimi enerji bazarını diqqətdə saxlaması üçün bu əməkdaşlıq vacibdir. Artıq 70 ildir ki, dünyada enerji almaq üçün atom enerjisindən istifadə edilir. Hətta Yaponiya və Fransa kimi bir neçə ölkələrin enerji balanslarının yarıdan çoxunu atom enerjisi təşkil edir”.

Ekspertin sözlərinə görə, AES-lərin tikintisi çox baha başa gəlir:

“AES-lərin tikintisi üçün Fransa çox yüksək texnologiyaya sahibdir. Lakin bu texnologiyalarla həyata keçirilən tikinti həddindən artıq baha başa gəlir. Türkiyədə tikilən “Akkuyu AES”i buna misal olaraq göstərə bilərik. Belə ki, tikintidən əvvəl keçirilən tenderdə Fransa AES-in tikintisi üçün Türkiyədən 40 milyard dollar tələb etmişdi. Sonda isə AES-in tikintisi 15 milyard dollar qarşılığında Rusiyaya həvalə edildi. Digər qonşumuz Qazaxıstanda da AES-in tikintisi ilə bağlı razılıq əldə olunub. Qeyd edim ki, Qazaxıstandakı tikintini də 15 milyard dollar qarşılığında Rusiya həyata keçirəcək. Digər tərəfdən, Mingəçevirdə yeni tikilən və 2025-ci ildə istifadəyə veriləcək, 1200 meqavatlıq elektrik istehal edə bilən İstilik Elektrik Stansiyası cəmi 900 milyon dollara başa gəlib. Bunu AES ilə müqayisə etsək görərik ki, 1200 meqavatlıq elektrik istehsal edə bilən AES-i nüvə yanacağı ilə doldurmaq üçün 200-350 milyon dollar xərcləmək lazımdır.

İlham Şaban AES-lərin stabil işləməyəcəyini və onların mütəmadi olaraq qulluq tələb etdiyini bildirib:

“AES-ləri stabil olaraq işlətmək mümkün deyil. Belə ki, il ərzində onları iki ay dayandıraraq qulluq edirlər. Bu isə həm əlavə xərc tələb edir, həm də davamlı enerji istehsalında problemlər yaradır. Hətta AES-lər köhnəldikcə onların qulluq müddətləri 4 aya qədər uzana bilir”.

Ekspert son olaraq ölkənin enerji sahəsində qarşısına qoyduğu məqsəddən danışıb:

“Azərbaycan çox rahat bir şəkildə ənənəvi yollarla enerji istehsalını təmin edə bilir. Hazırda ölkəmizin enerji istehsalı 8 min meqavat həcmindədir. Lakin ölkənin 2030-cu ilə qədər yaşıl enerjiyə keçməsi əsas məqsədlərdən biridir. Belə ki, 2030-cu ilə qədər Azərbaycanda külək və günəş enerjisindən əldə edilən enerjinin 6 min meqavata çatdırılacağı bildirilib. Belə oduqda, Azərbaycanda AES-lərin tikintisinə ehtiyac qalmaz”.