AZ

Azərbaycanın sülh danışıqları strategiyası: Regional sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf

2022-ci il oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada baş tutan görüşdə mühüm bir Bəyanat imzalandı. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh və regional əməkdaşlıq istiqamətində önəmli bir addım atıldı. Bəyanatın ən vacib məqamlarından biri, Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıması idi. Bu, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini, o cümlədən Qarabağ bölgəsini Azərbaycanın tərkibində tanıması deməkdir.

Bəyanatın bu hissəsi, 2020-ci ilin noyabrında başa çatan 44 günlük Vətən müharibəsinin və sonrakı sülh proseslərinin mühüm bir mərhələsini əks etdirir. Bəyanatda, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya edilməsi məsələsinin müzakirə olunacağı və iki ölkə arasında normal diplomatik münasibətlərin qurulacağının qeyd edilməsi tərəflər arasında gələcəkdə barış və əməkdaşlıq mühitinin yaradılmasını, bölgədə nəqliyyat və ticarət əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Laçın dəhlizi vasitəsilə Naxçıvanla Azərbaycanın əsas əraziləri arasında nəqliyyat əlaqələrinin təmin edilməsi məsələsi regional iqtisadi inteqrasiyanı dəstəkləmək və insanların sərbəst hərəkətini təmin etmək məqsədini daşıyır.
Görüşdə tərəflərin qarşılıqlı hörmət və etimadın bərqərar edilməsi istiqamətində daha çox əməkdaşlıq ediləcəyini, xüsusilə də insan hüquqları və humanitar sahələr üzrə məsələlərin diqqət mərkəzində olacağını qeyd etməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir dönəm, ərazi bütövlüyümüzün tanınması, həmçinin regionda sabitlik və təhlükəsizlik mühitinin yaradılması baxımından çox önəmli bir addımdır. Atılan bu addımlar gələcəkdə iki ölkə arasında etibarlı sülh müqaviləsinin bağlanmasına aparan ən doğru yoldur. Sülh müqaviləsinin reallığı, ümumilikdə, qarşılıqlı etimad, uzunmüddətli diplomatik təşəbbüslər və daxili problemlərin həlli ilə bağlıdır. Müqavilənin effektivliyi Ermənistan tərəfinin razılaşmaları əməli surətdə yerinə yetirməsi, beynəlxalq dəstəyin davamlı olması, eyni zamanda daxili siyasi və iqtisadi sabitliyin təmin edilməsi ilə mümkündür.
Azərbaycanın sülh müqaviləsi şərtləri, əsasən ölkənin ərazi bütövlüyünün qorunması, humanitar məsələlərin həlli, təhlükəsizliyin təmin olunması və diplomatik əlaqələrin gücləndirilməsi üzərində cəmlənir. Həmçinin, regional əməkdaşlıq və iqtisadi inkişaf məqsədilə müvafiq tədbirlər və zəmanətlər də əhəmiyyətlidir. Bu şərtlər Azərbaycanın beynəlxalq hüquqda və regional siyasətdə mövqeyini möhkəmləndirir, həmçinin ölkənin sülhə yönəlmiş xarici siyasətini dəstəkləyir.
Beynəlxalq müstəvidə etibarlı tərəfdaş olaraq nüfuz qazanması, geostrateji mövqeyi, iqtisadi potensialı, hərbi gücü və uğurlu diplomatik fəallığı ilə Azərbaycan regional qüvvə olaraq önə çıxır. Xüsusən, Ermənistanın ölkəmizlə sülh danışıqlarına sadiq olması onun gələcək inkişafı, düşdüyü bataqlıqdan çıxması üçün mühüm əhəmiyyət kəsb edir.

İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri

Seçilən
38
sesqazeti.az

1Mənbələr