AZ

"Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə qeydə alınıb" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkəmizdə çoxuşaqlı ailələrə dövlət dəstəyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi formasında nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib.

O bildirib ki, fərman imzalandığı gündən müavinətin məbləği bir neçə dəfə artırılıb və hal-hazırda hər bir uşaq üçün (18 yaşına çatanadək) 105 manat ödəniş nəzərdə tutulub: "Ölkə başçısının 27 dekabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilən bu müavinət çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir.

Qanundan da irəli gələrək qeyd edə bilərik ki, ölkəmizdə 5-dən çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən qeyd etmək olar ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə qeydə alınmışdır.

Hal-hazırda ölkəmizdə demoqrafik vəziyyət stabil inkişaf xəttindədir. Əlbəttə ki, hər il əhalinin sayının artması təbii artımın olduğunun göstəricisidir. Biz deyə bilmərik ki, çoxuşaqlı ailələrin sayında ciddi azalma var və bu hansısa sosial və yaxud da başqa problemdən qaynaqlanır. Əksinə hal-hazırda ailələr daha düşünülmüş, şüurlu formada ailə planlaşdırılması edirlər. Ailələr, xüsusilə gənc ailələr daha çox karyera qurmaq, sosial həyatı daha rahat yaşamaq, uşağın keyfiyyətli həyat şəraitini təmin etmək baxımından planlaşdırılmış şəkildə 1-2 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, hər bir növbəti uşağın dünyaya gəlməsi, böyüdülməsi ailə üzvlərinin, xüsusilə valideynlərin üzərinə böyük məsuliyyətlər qoyur. Ölkədə doğulan hər bir fərdin, düzgün, sağlam, dərrakəli şəxsiyyət, vətəndaş olaraq böyüdülməsi, formalaşdırılması ilk növbədə ailənin, daha sonra isə cəmiyyətin öhdəliyindədir. Kor-koranə şəkildə çox uşaq dünyaya gətirmək və bunu dövlətin, cəmiyyətin inkişafı məqsədilə əsaslandırmaq tamamilə yanlış addım və düşüncədir. Bu cür hallarda mütləq ailə planlaşdırılması edilməlidir".

Ümumiyyətlə ailə planlaşdırılması hal-hazırda demək olar ki, bütün dünyada ciddi şəkildə tətbiq olunur. Azərbaycan da dünyanın bir parçasıdır və ölkəmizdə kəmiyyət əvəzinə keyfiyyətə önəm verilməsi heç də pis hal deyil" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
12
sia.az

1Mənbələr