AZ

Hamı iqlim dəyişikliyi ilə mübarizədə birləşib - Atilla Ştayner

Biz hamımız iqlim dəyişikliyi ilə mübarizədə birləşmişik.

Olaylar xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasında Macarıstan sədrliyinin nümayəndəsi Atilla Ştayner COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Dubayda qəbul edilmiş qərardan sonra bizim vəzifəmiz qlobal icmalın həm milli, həm də beynəlxalq səviyyədə 1,5°C hədəfinə uyğun gələn, iddialı və etibarlı şəkildə həyata keçirilməsini təmin etməkdir," - deyə o vurğulayıb.

A.Ştayner qeyd edib ki, Aİ üçün iqlim dəyişikliyinin təsirlərini azaltmaq istiqamətində mənalı, iddialı və davamlı nəticələr əldə etmək son dərəcə vacibdir.

O, üç əsas prioriteti xüsusi vurğulayıb: qlobal icmalın icrasının irəliləyişinin izlənilməsi, mövcud həllərin tətbiqinin tanınması və gələcək illər üçün praktiki həllərlə bağlı iddialı siqnalların göndərilməsi.

"Biznes sektoru və ictimaiyyət enerji keçidinin necə baş verəcəyinə dair bizdən aydın siqnallar gözləyir. Aydındır ki, iqlim dəyişikliyinin təsirlərinin azaldılması bu prosesin əsas alətlərindən biridir", - deyə o əlavə edib.

A.Ştayner həmçinin vurğulayıb ki, Paris Sazişi istixana qazı emissiyalarının azaldılmasına və qlobal istiləşmənin 1,5°C ilə məhdudlaşdırılması məqsədinə nail olmağa yönəlib ki, bu da iqlim dəyişikliyinin təsirlərinin azaldılmasını onun həyata keçirilməsinin əsas aspektinə çevirir.

"COP29 bir daha təsdiqləməlidir ki, biz fosil yanacaqlardan imtinaya və enerji keçidini sürətləndirməyə sadiqik, necə ki, ötən il razılaşdırılmışdı. Bu keçid mümkündür və Aİ-nin nümunəsi göstərir ki, biz iqtisadiyyatın davamlı artımını təmin etməklə yanaşı, emissiyaları əhəmiyyətli dərəcədə azalda bilərik," - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr