AZ

Niyaməddin Orduxanlı: Bəzi dairələri susdurduq

Azərbaycan BMT-nin COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələni edir

COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda BMT-nin İqlim Konfransında Rəqəmsallaşma Günü keçirilib. İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub. Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək idi. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal texnologiyaların önəminə diqqət çəkib: "Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin "Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”. Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq öz yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb. Bu xüsusda Azərbaycanda peyk əsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaları azaldan rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb. Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib. Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq edilməsidir. COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb. Müzakirələr rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyasına, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin təkmilləşdirilməsinə və uğurlu davamlılıq təşəbbüslərinin nümayişinə yönəldilib. Bildirilib ki, məlumatların emalı, süni intellekt və rabitə vasitələrinə artan tələbat enerji istehlakı, materialdan istifadə və elektron tullantıların istehsalının artması ilə müşayiət olunur. İKT sektorunun qlobal emissiyaların 1,5 faizdən 4 faizə qədərini təşkil edəcəyi təxmin edilir ki, bu da bizə rəqəmsal genişlənməyə yönəlmiş yaşıl və məsuliyyətli bir yanaşmaya olan təxirəsalınmaz ehtiyacı xatırladır. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib. Çıxışlar rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi və rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması mövzularını əhatə edib.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub. Bəyannamənin qəbulu ilə tərəflər ümumi 8 məqsədi təsdiq ediblər: iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi, ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılması. Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək 1000-ə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib. Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan ev sahibliyi etdiyi BMT-nin COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələni edir. Partiya təmsilçisi qeyd edib ki, milli-adət ənənələrimizə uyğun şəkildə qonaqların qəbul olunmasından öncə ölkəmizdə ciddi bərpa və təmizlik işləri görülmüşdü:

"Noyabrın 11-dən 22-dək, yəni tədbir boyunca Azərbaycana gələcək qonaqların yüksək səviyyədə qarşılanması, yerləşdirilməsi üçün nə lazımdırsa edilib. Qərbin bəzi dairələri, Azərbaycana qarşı qərəzli olan qüvvələri və onlar tərəfindən idarə olunan, ciddiliyini itirmiş bir sıra şəxslər iddia edirlər ki, guya bəzi dövlətlərin Azərbaycanda keçirilən konfransa qatılmaması ölkəmizdə "insan haqlarının pozulması", "demokratik azadlıqların məhdudlaşdırılması"na görədir. Məsələn, Əli Kərimli iddia edir ki, xarici nəşrlərin birində bu mövzulara dair məqalə dərc etdirdiyinə görə bəzi Qərb dövlətləri konfransa gəlməyiblər. Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Ölkəmizin tarixində belə miqyasda beynəlxalq tədbir ilk dəfə keçirilir. Xatırladım ki, COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Bakıda yüksək səviyyədə təmsil olunan ölkələrin əksəriyyəti həmin tədbirdə də yüksək səviyyədə iştirak ediblər. Hətta indi müxtəlif bəhanələrlə ölkəmizə gəlməyən dövlətlər də BƏƏ-də keçirilən COP-a getmişdilər. Yəni həqiqətənmi ərəb ölkələrində, xüsusən BƏƏ-də insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır?! Açıq-aşkar görünür ki, ortada qərəz və çarəsizlik var, özlərini rəzil vəziyyətə salıblar. Əslində, bizi rahat və sərbəst şəkildə tənqid edənlər çox gözəl bilirlər ki, bu ittihamları BƏƏ kimi ölkələrdə rahat səsləndirə bilməzlər".

N.Orduxanlı diqqətə çatdırıb ki, COP29 tədbirini bəhanə edərək Azərbaycanı hər fürsətdə tənqid edənlər birmənalı ermənipərəst dairələr, şəxslərdir. Ölkəmizi vicdansızcasına "etnik təmizləmə"də ittiham edirlər:

"Bizə təzyiq göstərənləri narahat edən digər məqam isə Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlıdır. Qərb ölkələri, xüsusən ABŞ Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir. Türkiyə, Rusiya və Çinlə uğurlu müttəfiqlik, yaxın əməkdaşlıq Qərbi narahat edir. Həmin dövlətlər istəmirlər ki, Azərbaycanın Türkiyə, Rusiya və Çinlə yaxın münasibətləri olsun. Ələlxüsus "3+3" formatı, region ölkələrinin sıx əməkdaşlığı Qərb dairələrini əməlli-başlı qıcıqlandırıb. COP29 tədbirindən siyasi məqsədlər üçün istifadə olunmamalıydı".

Seçilən
3
2
ulusum.az

3Mənbələr