Ermənistanın hökumətində, məhkəmə və hüquq-mühafizə sistemində yeni istefa dalğası altı məmura təsir edib. Ermənistanda bu gün daxili işlər naziri Vahe Kazaryan başda olmaqla ümumilikdə 6 məmur istefaya göndərilib.
Bəs bu istefaların arxasında nə dayanır?
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Operativ Media” ilə fikirlərini bölüşüb.
Politoloq bildirib ki, Paşinyan yeni ildən yeni komanda ilə yeni mərhələyə başlamaq istəyir:
“Paşinyanın hökumətində müəyyən dəyişikliklər baş verir. Nikol Paşinyan öncədən bu barədə açıqlama vermişdi ki, hökumətdə müəyyən islahatlara getmək istəyir. Paşinyan ötən həftə Müstəqillik Bəyannaməsini sərt şəkildə tənqid etmişdi. Onun fikrincə, bu bəyannamə Ermənistanın gələcəyi üçün təhlükə yaradır. Paşinyan yeni ildən yeni komanda ilə yeni mərhələyə başlamaq istəyir. Çünki yeni hökumət Ermənistanda təhlükəsizlik çağırışlarına cavab verməlidir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bildiyiniz kimi, sülh müqaviləsinin müəyyən bəndlərində razılıq əldə edilib. Yeni siyasi reallıqlar yaranıb. Ermənistan Türkiyə və Azərbaycana qarşı yeni münasibətlər qurmalıdır.
Görünür, Ermənistanda hökumət daxilində müəyyən fikir ayrılıqları mövcuddur. Paşinyan isə özünə qarşı olan fikir ayrılıqlarını qəbul etmir. Ermənistanda 30 il ərzində formalaşmış bir ideologiya mövcuddur. Onlarda əsasən revanşist, Azərbaycana qarşı ədalətsiz mövqe ideologiyası formalaşıb.
Eyni zamanda, Ermənistanda hökumət daxilində bir sıra qruplaşmalar var. Müəyyən qruplar Avropaya inteqrasiya etmək istəyir, bəziləri isə Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyirlər. Paşinyan isə növbəti ildən Rusiya ilə olan münasibətlərə yenidən baxmağı planlaşdırır. Paşinyan Rusiyalı ilə münasibətləri sıfıra endirmək, qərblə əməkdaşlığını isə inkişaf etdirmək niyyətindədir. Bir sözlə Paşinyan özünə daha etibarlı bir komanda qurmaq istəyir”.