AZ

“Süni intellekt və cinayət hüququ” mövzusunda beynəlxalq elmi seminar keçirilib - FOTOLAR

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının və “BDU Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Cinayət Hüquq Klubu”nun (CLC) “Cinayət hüququnun aktual problemləri” layihəsi çərçivəsində “Süni intellekt və cinayət hüququ” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

QHT.az xəbər verir ki, elmi seminarda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Şəhla Səmədova, İstanbul Ticarət Universitetindən hüquq elmləri doktoru Buket Abanoz Öztürk, Qalatasaray Universitetinin doktorantı Umur Aksakal məruzələrlə çıxış ediblər.

Elmi seminarda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Milli Aviasiya Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları və tələbələri, professor-müəllim heyəti, Hüquq və İnsan haqları İnsitutunun, Ədliyyə Akademiyasının, Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları iştirak ediblər. On-line qaydada təşkil olunmuş beynəlxalq elmi seminarın 100-dən çox iştirakçısı olub.

Elmi seminarın gedişində süni intellektin anlayışı, müxtəlif dövlətlərdə və Avropa İttifaqında süni intellektə yanaşma, süni intellektli texnologiyaların inkişaf tarixi, süni intellektin cinayət hüququ üzrə hüquq subyekti olma qabiliyyətinə malik olub-olmaması, təqsir məsələlərinə dair nevroloji, biotexnoloji araşdırmalar barədə məlumat verilib, süni intellektin elektron şəxs qismində müəyyən edilməsi və bu halda süni intellektin cinayət məsuliyyətinin kvazi-subyekti kimi tanınması məsələləri müzakirə edilib. Elmi seminar interaktiv formada keçirilib, 2024-cü ildə nəşr olunan “Yapay zeka ve ceza hukuku” adlı kitabın həmmüəllifləri Buket Abanoz Öztürkün və Umur Aksakalın təqdimatlarında dünya təcrübəsində süni intellektin fəaliyyəti nəticəsində törədilən cinayət hadisələri və bu kazusların qanunvericiliyə uyğun həll üsulları haqqında maraqlı məlumatlar dinlənilib. İki saatdan artıq davam edən elmi seminarın sonunda məruzəçilər seminar iştirakçıları tərəfindən onlara ünvanlanan sualları cavablandırıblar.

Seçilən
19
qht.az

1Mənbələr