AZ

Baltik dənizindəki kabeli Rusiya zədələyib?

Baltik

Baltik dənizində qəza baş verib. Dənizin dərinliyində Finlandiyanı, Almaniyanı və Litvanı İsveç Krallığı ilə birləşdirən sualtı iki telekommunikasiya kabeli zədələnib.

Reyting.az
bildirir ki, Finlandiya ilə Almaniya arasındakı "C-Lion1" kabelinin zədələnməsi barədə məlumatı Finlandiyanın dövlət şirkəti olan "Cinia" yayıb.

Qeyd olunur ki, noyabrın 18-i səhər saat 4 radələrində kabeldə nasazlıq aşkar edilib və məhz bu səbəbdən də şirkət tərəfindən göstərilən xidmətlər qəfildən kəsilib.

"Cinia" şirkəti xatırladıb ki, Finlandiya Respublikasının beynəlxalq telekommunikasiya əlaqələri bir neçə marşrut üzərində qurulub və bu səbəbdən də bir kabelin nasazlığının nəticələri xidmət provayderlərinin daimi əlaqələrinin sabitliyinə təsir edə bilər. Bu hadisə ilə bağlı danışan "Cinia" şirkətinin baş direktoru Finlandiyanın "Yle" nəşrinə deyib ki, kabel 2015-ci ildən istismara verilib və əvvəllər onun üzərində heç bir qəza olmayıb.

Daha sonra kabelin zədələnməsi barədə Litva şirkəti "Telia" məlumat verib. Litvada fəaliyyət göstərən şirkətin texnologiya meneceri Andrius Şemeşkeviçyusun sözlərinə görə, əlaqə səhər saat 10 radələrində kəsilib. O qeyd edib ki, zədələnmiş kabelin kifayət qədər köhnə olduğu məlum idi, çünki bu, birinci dəfə baş vermirdi, əvvəllər də belə qəzalar olub.

Daha sonra Şemeşkeviçyus bildirib ki, qəfil baş verən insidentə görə internetin normal ötürmə qabiliyyəti də təxminən üçdə bir azalıb: "Lakin biz çalışdıq və görülən çətin işin nəticəsində nasazlığı gec də olsa, aradan qaldırmağı bacardıq. Bununla, əlaqə bərpa edildi".

Baş verənlərlə bağlı Almaniyanın, həm də Finlandiyanın xarici işlər nazirlikləri birgə bəyanat yayıblar. Hər iki ölkənin XİN-ini təmsil edən departament nümayəndələri kabelin zədələnməsindən "dərin narahat olduqlarını" bildiriblər.

"Belə bir hadisənin dərhal baş verməsi və qəsdən zərər şübhələrini artırması bizim dövrümüzün qeyri-sabitliyi haqqında çox şey deyir".

Bəyanatda deyilir ki, bu faktla bağlı zərərçəkən həmin ölkələrlə birlikdə hərtərəfli araşdırma aparılır.

Avropa mediasında dolaşan məlumatlara görə, araşdırmalar hələ sona yetməsə də, baş verən hadisə ilə bağlı əsas şübhəlinin məhz Rusiya ola biləcəyi güman olunur.

Oqtay QORÇU
Seçilən
78
reyting.az

1Mənbələr