Yeni Azərbaycan Partiyası tarixi zərurət nəticəsində yaranıb.
Qlobal coğrafi bölgədə yerləşən Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, qısa müddətdə ölkəmiz onu itirmək təhlükəsi ilə üzləşmiş, xaos və anarxiya, qanunsuzluq burulğanına düçar olmuşdu. Bu səbəbdən Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizdə mühüm ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də müstəqillik tariximizin ən parlaq başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Artıq bir neçə gündən sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü respublikamızın bütün bölgələrində qeyd olunacaq. Partiyanın yaranma şəraitinə nəzər saldıqda bir daha şahidi oluruq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin, anarxiya və xaosun məntiqi nəticəsi idi. Artıq 90-cı illərdən başlayaraq , Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Bəli böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31 ili ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu , xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat- Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadir idi. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.
"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir bir yüksəliş mərhələsinin əsasını qoydu.
Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sferalarda islahatların həyata keçirildiyi bir zamanda yeni siyasi sistemin keyfiyyətinin daha da artırılması, təhkimləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının daxilində də islahatların aparılması zərurəti yaranmışdı. Qeyd edilən zərurətdən irəli gələrək 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi xalqımız tərəfindən böyük maraqla qarşılandı və partiya ümumxalq partiyası olduğunu bir daha sübut olundu. Çünki YAP bu gün ölkəmizdə həyata keçirilən vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
Təssüf hissi ilə qeyd etməliyik ki, artıq 21 ildir ki, Yeni Azərbaycan Partiyası bütün tədbirlərini Ulu Öndərimiz Heydər Əliyevsiz keçirir. Amma onun bizə miras qoyub getdiyi güclü dövlətin , avanqard siyasi partiyanın məhz onun layiqli siyasi varisi olan İlham Əliyev cənabları tərəfindən uğurla , inamla idarə olunması bizi sevindirir. Başına gələn hadisələrdən gözü qırılan xalq , ağır zamanlarda Heydər Əliyevdən sonra hakimiyyət sükanının başqalarının əlinə keçəcəyindən narahat idi. Elə ona görə də, 2003-cü ildə Prezident seçkiləri zamanı yenidən xalq öz layiqli seçimini edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Yalnız 2003-cü ildə deyil, əvvəlki illərdə də İlham Əliyevin Azərbaycan dövlətinə layiqli xidmətləri var.Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev
partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan
Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai- siyasi həyatında müstəsna rola
malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. . Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi
fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm
partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik.
Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".
Hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha işıqlı və firavan günlərə qovuşur. 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər, eyni zamanda beynəlxalq müstəvidə əldə edilən yeni uğurlar ictimai, siyasi, mədəni, iqtisadi münasibətlərimizə müsbət təsir göstərərək həm regionda, həm də ölkə daxilində yeni reallıqlar yaradıb. Prezident seçildikdən sonra İlham Əliyev cənabları xalqa verdiyi bütün vədlərini həyata keçirdi. Onun ata vəsiyyətinə əməl edərək, prezidentliyi dövründə Müzəffər Ali Baş Komandan kimi ən böyük uğura imza ataraq , 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməsi nəinki Azərbaycan vətəndaşının, ümumilikdə bütün dünya azərbaycanlılarının , bütün türk dünyasının böyük sevincinə səbəb oldu. Şuşa, Xankəndi səmasında üçrəngli Azərbaycan bayrağının dalğalanması , bizim alçalmaqda olan qürurumuzu , qeyrətimizi özümüzə qaytardı . Bu həm də hakimiyyətdə olan iqtidar partiyasının - Yeni Azərbaycan Partiyasının qələbəsi idi. Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir. Ona görə ki, YAP bütün fəaliyyətini ölkənin tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə həsr edən vahid siyasi qüvvəyə çevrilib.
Yaşasın Yeni Azərbaycan Partiyası !
Yaşasın müstəqil Azərbaycan dövləti !
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini