AZ

"Google vergisi" işə düşüb

Hökumətin, DVX-nin gec də olsa, belə bir elektron platforma yaratması təqdirəlayiqdir


  Ölkəmizdə "Google vergisi" işə düşüb.  Artıq "Apple" xidmətlərini alanda vergini vətəndaş deyil, elə "Apple" ödəyəcək. 
Bu barədə “Sherg.az"a açıqlama verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz ötən ilin sonu  verilən qərarı xatırladıb: “Ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətlər də vergiyə cəlb ediləcək. Qlobal şirkətlərin vergiyə cəlb edilməsi üçün Dövlət Vergi Xidməti cari ilin əvvəlində bir elektron platforma hazırlayıb və indi görünür ki, artıq bu platforma işləkdir. DVX elan edib ki, artıq  “Apple Distribution International Limited” DVX-nin bu elektron platformasında qedyiyyatdan keçərək VÖEN alıb və  vergi ödəyicisi olub. Bundan sonra "App Store", "iCloud", "Apple Music", "Apple TV" və s. bu tip xidmətləri alanlar yalnız xidmətin real dəyərini ödəyəcəklər. Vergisini isə "Apple" ödəyəcək.
Əlbəttə, qlobal şirkətlərin bu platformada qeydiyyatı könüllüdür. Amma hansı xarici şirkət qeydiyyatdan keçmirsə, itirən hökumət yox, biz oluruq. 
Çünki qeydiyyatdan keçməyənlərin hansısa xidmətini, yaxud məhsulunu alanda onun üzərinə bu vergi də gəlir və biz həm xidmətin dəyərini və həm də vergisini də üzərinə gəlməklə ödəniş edirik. Hansı xarici şirkət  bu platformada qeydiyyatdan keçibsə, biz artıq onun  xidmətinin real dəyərini ödəyəcəyik və onun vergisini isə bu şirkətin özü ödəyəcək. Yeri gəlmişkən, məhz bu baxımdan bu tip vergilərdən yayınmaq üçün ölkəmizdə xarici bankların kartlarından da istifadə edilir.
Xatırladıram ki, qonşu ölkələrdə “Google vergisi” adlanan bu sistem xeyli öncədən aktivdir. 
  Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır.  Hökumətin, DVX-nin gec də olsa, belə bir elektron platforma yaratması təqdirəlayiqdir. Düşünürəm ki, bu platformanı qlobal şirkətlər arasında təşviq etmək lazımdır. DVX bu istiqamətdə işləri gücləndirməlidir. Qlobal şirkətlərin ölkəmizdəki nümayəndələri, təmsilçiləri və tərəfdaşlarının isə bu platformanı həmin şirkətlərə təqdim etməsi faydalı olardı”.

Seçilən
12
sherg.az

1Mənbələr