AZ

"İşimiz çətin olacaq" - Millimizin sabiq məşqçisi

Azərbaycan millisi bu gün Millətlər Liqası çərçivəsində sonuncu oyununu keçirəcək. Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi matçlardan 4-də məğlub olub 1-də heç-heçə edən yığmadan İsveçlə görüşdə sürpriz reallaşdırmaq tələb olunur. İşini çətinə salan və D Liqasına yuvarlanmaq təhlükəsi ilə üzləşən komandanın taleyi tükdən asılıdır. Yığmanın bu gün sensasiyaya imza atmaq şansı realdırmı? Suala cavab tapmaq üçün millinin sabiq məşqçisi, tanınmış futbol mütəxəssisi Arif Əsədovla əlaqə saxladıq. 

O, Fanat.Az-a açıqlamasında əvvəlcə Estoniya ilə son oyunu belə dəyərləndirdi:

"Estoniya ilə oyunda qələbə çox vacib idi. Təəssüf ki, milli bunu bacarmadı. Əksinə, rəqib buradan istədiyi nəticə ilə ayrıldı. Oyunun ilk dəqiqələri bizim üçün yaxşı keçmədi. Ancaq yarım saatın tamamından sonra təşəbbüs tamamilə bizimkilərin tərəfinə keçdi. Bu üstünlük ikinci hissədə də davam etdi. Oyuna nəzarət, yaradılan şanslar, bir sözlə, hər şey var idi, yalnız qol olmadı. Qapanmış komandaya qarşı hücumda yaradıcı, fərdi keyfiyyətləri ilə seçilən oyunçulara ehtiyac çox olur ki, bu mənada Mahir Emreli ilə Renat Dadaşovun yoxluğu özünü göstərdi. 
Ümumi götürəndə, yaxşı oynasaq da, vacib olan nəticəni əldə edə bilmədik. Nəticədə işimizi çətinləşdirdik. İndi C Liqasında qalmaq üçün şans cüzi qalıb".    

Əsədov bugünkü görüşdən gözləntilərini bölüşüb:

"Rəqib artıq qrup liderliyini təmin edib. Ancaq bu tip oyunlarda "boş" yanaşma az ehtimal olunandır. İsveç evdə oynayır və qələbə ruhunu qorumağı düşünür. Bu baxımdan işimiz çətin olacaq. Bununla belə, futbolda sürpriz nəticələrə çox şahid olmuşuq. Ümid edək ki, həmin nəticə bu gecə İsveçdə də yaşanacaq. Oyunun millimiz üçün uğurlu alınacağına inanıram. Oradan ən azı 1 xalla dönə bilsək, bu, tsikli major notda bitirməyə imkan verəcək. Belədə, D Liqasına düşsək də, komandaya gələcəklə bağlı ümid bəsləyə bilərik. 
     
Tsiklin yekunu ilə bağlı fikir bildirmək peşəkar yanaşma olmaz, çünki bu gün oyun var və şans da nəzəri cəhətdən tükənməyib. Amma ümumi götürsək, minimum məqsəd qrupda Estoniyanı qabaqlamaq idi. Amma nəzərə alsaq ki, millimiz yaxın keçmişdə İsveçi də, Slovakiyanı da, Estoniyanı da məğlub etməyi bacarıb, potensialımız daha artığını reallaşdırmağa imkan verirdi".  

Qeyd edək ki, Azərbaycan milli komandasının İsveçlə bu gün Bakı vaxtı ilə saat 23:45-də Solna şəhərindəki “Friends Arena”da qarşılaşacaq.

Mirağa

Seçilən
19
fanat.az

1Mənbələr