Vaşinqton HƏMAS üzvlərinin Türkiyədə olduqları təqdirdə ekstradisiya edilməsində israrlıdır.
7Times.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
“Dohada olan HƏMAS rəhbərliyinin bir hissəsinin indi Türkiyəyə köçməsi ilə bağlı xəbərlər görmüşəm. Hesab edirik ki, qəddar terror təşkilatının rəhbərləri heç bir yerdə rahat yaşamamalıdır. Bu şəxslərin bəziləri uzun müddətdir ki, ABŞ tərəfindən ittiham olunur. Hesab edirik ki, onlar ABŞ-a ekstradisiya edilməlidir. HƏMAS üzvləri amerikalıları həm öldürməkdə, həm də vətəndaşlarını girov götürməkdə ittiham olunur”, – Miller bildirib.
Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.